Masallıda Azərbaycan dilinə həsr olunmuş konfrans keçirilib
Masallı rayonunda “Azərbaycan dili: milli kimliyin və mədəni irsin daşıyıcısı” mövzusunda elmi-praktik konfrans təşkil olunub.
Tədbir rayon Heydər Əliyev Mərkəzində baş tutub.
Konfrans Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin birgə təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialı, Masallı Dövlət Regional Kolleci və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun tərəfdaşlığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon Komitəsnin dəstəyi ilə keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli lider Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Elm, təhsil və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfrans Azərbaycan dilinin qorunması, inkişafı və təbliği istiqamətində aktual məsələlərin müzakirəsi üçün mühüm platforma kimi qiymətləndirilib.
Tədbir çərçivəsində panel müzakirələri və TEDx formatında çıxışlar keçirilib. Panel sessiyalarında mütəxəssislər dil mədəniyyəti, ana dilinin qorunması və qloballaşma şəraitində milli kimliyin saxlanılması mövzularında fikir mübadiləsi aparıblar.
TEDx formatlı çıxışlarda isə gənc natiqlər və ekspertlər öz ideyalarını və təcrübələrini bölüşərək iştirakçılara motivasiyaedici mesajlar veriblər.
Sonda vurğulanıb ki, bu cür tədbirlər Azərbaycan dilinin zənginliyinin qorunması, gənc nəslə ötürülməsi və milli-mədəni dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Akif AĞAYEV


