Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Nurəddin Ədiloğlu: 

Mir Kazım Aslanlı 

Şair, alim, həkim, bəstəkar, pedaqoq MİR KAZIM ASLANLI SARƏNG haqqında bu gözəl yazının müəllifi Nurəddin Ədiloğluna minnətdarıq!...
ÜZEYİR BƏYİN TƏLƏBƏSİ
Böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin tələbəsi olan şair, alim, həkim, bəstəkar, pedaqoq Mir Kazım Mir İsgəndər oğlu Aslanlı 1912-ci ildə Masallının axarlı-baxarlı İsi kəndində bəy ailəsində dünyaya göz açmışdı. 2 texnikum, 3 ali məktəb təhsili almışdı. Doğma yurdunu məhəbbətlə sevən Aslanlı XX əsrin sərt döngələrini, keşməkeşlərini yaşamış, 1975-ci ildə Bakıda 63 yaşındaykən dünyasını dəyişmişdir.
Ədəbi təxəllüsü “Sarəng” olan Mir Kazım Aslanlını kim tanımırdı ki ?! Görünür, təxəllüsü də “Dəmbəlov şikəstəsi” kimi yarımçıq qalmış ömrünün qisməti imiş! Deyilənlərə görə, əfsanəvi Səməndər quşu timsallı sarəng adlı balaca nəğməkar bir quş olub; Dəmbəlov dağının döşündən pərvazlanıb, İstisuda çimib-  "qüsullanıb"  Yanardağda pak vücudu ilə odlara tutuşub və yanaraq nəsli kəsilib...
Sarəng tək alış, yan, alovun ərşə ucalsın,
Can atəşinə qoy isinən millətin olsun!
Bu, Mir Kazım ömrünün qayəsi-kredosu idi. Bir mənası da “yüz rəng” olan “Sarəng” təxəllüsünün sahibinə tanrı bir neçə istedad bəxş eləmişdi. Belə nadir insanlara dünyada həmişə təsadüf olunmur. Bir neçə sənətin mahir bilicisi olan Sarəngi öz zəmanəsində müasirləri çox yaxşı tanıyırdılar. O, görkəmli alim, cəfakeş həkim, pedaqoq, şair, tərcüməçi, bəstəkar, musiqişünas olaraq geniş şöhrət qazanmışdı. Elə Sarəng ömrünün davamı da onun parlaq istedadından yadigar qalan könül əmanətləridir.
Çox təəssüflər olsun ki , sağlığında olduğu kimi, ölümündən sonra bir müddət elimizin-obamızın bu mənəvi zirvəsi görməməzliyə vurulub.
Bəli, ötən əsrin sərt döngələrini, keşməkeşlərini yaşamış Sarəng - M.K.Aslanlı əhatəsində ömür sürən adamlardan - hətta həmkarlarından, yaxınlarından ağır məhrumiyyətlər görmüş, haqsız sıxışdırılmış, incidilmişdir. Sanki dünyanın on iki millətinin və xalqının dilini bilən bu insani, böyük millət aşiqini öz doğma dilində anlamaq, başa düşmək istəməmişdilər.
Düzdür, şəxsiyyətə pərəstiş dövrünün evlər yıxıb, qapılar bağladığı vədələrdə bəy oğlu Mir Kazım Aslanlının başının üstünü almış qorxunc buludları dahi bəstəkarımız Üzeyir Hacıbəyli dağıtmış, onu müdafiə etmişdir. Ancaq həmişə fitri istedadına paxıllıq, qısqanclıq edənlər dünyasını dəyişən günəcən onu izləmiş, ömrünü qayçılamışdır.
Otuzuncu illərin tamamında Üzeyir bəylə ünsiyyəti, M.Aslanlının konservatoriyada təhsil alması, bəstəçilik və ifaçılıq sənətinə yiyələnməsi ilə sonuclanır. Buna qədər isə o, iki ali məktəb - Azərbaycan Kənd Təsərrüfatı və N.Nərimanov adına Dövlət Tibb İnstitutunu bitirmişdi. Tibb institutunda dərs deyir, Azərbaycan Dövlət Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda müalicə metodları ilə məşğul olurdu.
Üzeyir bəy hətta ona - Mir Kazım bəyə piano da bağışlamışdı. Mir Kazım bəyin evində tar, ud, setar, rübab, vialino, qopuz kimi musiqi alətləri var idi və o, bu alətlərdə çox gözəl ifa edərmiş. Onun “Aşiqin son nəğməsi”, “Sarı bülbül fantaziyası”, “Müxəmməs”, “Masallı masalları” kimi əsərləri bu gün də Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.
“Cahan camdır, fələk saqi, əcəl mey...”
Bu misra Sarəngin – Mir Kazım bəy Aslanlının farscadan dilimizə çevirdiyi rübaidəndir.
Könül duyunca bir səfa,
Gəlir dalınca min cəfa.
Görünməyir nə yar, nə dost,
Nə yar, nə dostda bir vəfa…
Bu da Sarəngin 1942-ci ildə yazdığı “Ötür cavan çağım daha” şeirindədir.
Tale onu hələ körpəykən sınağa çəkmişdi; doğulduğu 1912-ci ildə atası İsgəndər bəyi itirmişdir. On yaşı olanda yenicə qurulmuş şura höküməti ona himayədarlıq edən babası Mirabdulla bəyin mülklərini müsadirə edir. Fələyin çarxı dönmüşdü. Zəmanənin dolaylarında at oynatmış Bəyliyin meydanı daralmışdı.
Onu da qeyd edim ki, Mir Kazım bəy Aslanlı 12 dil bilən poliqlot olub... Deyərmiş ki, “Hər dil qapı açar bir xəzinəyə, dili öyrən, sonra gir xəzinəyə!”
Təbii ki, hər dövrün vəfasız “dostları” olur. Sarəngin süfrəsinin başında oturan, bir elmi müəssisədə çalışdığı üzdəniraq alimlər onu dədə-babasının bəy olduğuna, özünüsə kommunist olmadığına görə qınayır, əslində isə fitri istedadına paxıllıq edirdilər.
Aşıb-daşacaqdır ellər qəlbində,
Mənim gövhərlərim vaxtı gələndə...
Bu da Mir Kazım bəyin uzaqgörənliyindən soraq verən könül təranəsidir. Ona görə -
ÖLÜM ömrün sonu deyil, mənzilbaşıdır:
Ölüm yoxdur bu aləmdə,
cismim cismə təbəddüldür.
-deyəndə də Sarəng öz RUHUNUN əbədiyaşarlığına inanırdı.
...Bu gün onun əziz ruhunun şad və yad olunmağa böyük haqqı var.
M.K. Aslanlı çoxlu epitafiyalar yazmşıdır. Vəsiyyətinə görə Masallıda İstisuya gedən yolun yaxınlığındakı İsi qəbristanlığında dəfn olunub.
Məzar daşına özünün qələmə aldığı epitafiyalardan biri yazılıb:
Ey yolçu, demə bu məzar kimindir?
Ya bir məhkumundur, ya hakimindir?
Ölüm qabağına vüqarla çıxan,
Sənin tanıdığın bir həkimindir.
Ruhuna böyük ehtiramla,


Nurəddin ƏDİLOĞLU,
yazıçı-publisist.

Best coffeeshop in Berlin