Xatirə Rəhimli:
Dövlət belə idarə olunmalıdırmı cənablar?
Siyasət belə aparılırmı cənablar?
Bu cür xoşagəlməz hallar qəbuledilməzdir...
Deməli, bu yazıda mənzil problemimlə bağlı çox-çox ciddi bir məsələyə toxunacağam.
Neft-qaz ölkəsi olan milyonlar səltənəti zəngin Azərbaycanda ev-eşiyim, mənzilim yoxdur. Bakı şəhərində ailəmlə birlikdə 39 dəfə kirayə mənzillərə köçmüşük.
Ümumiyyətlə Azərbaycanda minlərlə vətəndaşların mənzili olmadığı üçün məcbur olub kirayə mənzillərdə yaşayırlar.
Şair-jurnalist olaraq düz 10 ilə yaxındır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə həm Prezident İlham Əliyevin köməkçilərinin, həmçinin Prezident Administrasiyasının yüksək vəzifəli şəxslərinin, şöbə müdirlərinin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın qəbuluna yazılıram və hər il 2 dəfə, yəni 6 aydan bir mənzil problemimlə bağlı qəbula gedirəm.
Qəbul keçirilən günlərdə məni Prezident Administrasiyasının yüksək vəzifəli şəxsləri qəbul edirlər və dinləyirlər.
Qeyd edirəm ki, hər dəfə qəbula gedəndə mənzil problemimlə bağlı yazılı müraciətimi də həmin vəzifəli şəxslərə təqdim edirəm.
Amma çox-çox təəssüflər olsun ki, bu 10 il ərzində mənzil problemim Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxslərin və məmurların məsuliyyətsizliyinə və səhlənkarlığına görə hələ də həlli yolunu tapa bilmir.
Bir sözlə, mənzil problemimin həlli elə bil ki, neçə illərdir açıla bilməyən düyünə düşüb.
Dövlət başçısı İlham Əliyevin çıxışlarında dediyi kimi Prezident Administrasiyasında vətəndaşlar tərəfindən göndərilən ərizələr, məktublar, müraciətlər Prezidentdən
gizlədilir, müraciətlər Prezidentə verilmir.
Prezident Administrasiyasının vəzifəli şəxsləri bu ölkənin vətəndaşlarına qarşı belə bir sayğısızlıq, hörmətsizlik edirlər.
Şair-jurnalist kimi, eləcə də ziyalı xanım kimi düşünürəm ki, bu dövlət necə idarə olunur?
Dövlətin daxili siyasəti belə aparılmalıdırmı?
Cənablar, sizcə, siyasət bu cür olurmu?
Bu necə siyasətdir ki, 25 ildir mətbuat sahəsində işləyən şair-jurnalist xanımın rəsmi qaydada Prezident Administrasiyasına göndərdiyi müraciətin heç biri ölkə Prezidentinə çatmır, müraciətlər Prezidentin iş masasının üzərinə qoyulmur.
Dövlət belə idarə olunmalıdırmı cənablar?
Bu, necə dövlət idarəçiliyidir axı?
Deməli, baş vermiş bu xoşagəlməz haldan, neqativ olaylardan belə məlum olur ki, vətəndaşların qəbulu ilə bağlı işlər bu ölkədəki xarici ölkə səfirliklərinin gözündən pərdə asmaq üçündür.
Guya ki, Prezident Administrasiyasının vəzifəli şəxsləri tərəfindən vətəndaşların problemləri həll olunur. Əslində isə belə deyil. Vətəndaşların üzləşdikləri problemlər həll edilmir. Bu, birmənalı olaraq belədir.
Hətta 10 il, 15 il, 20 il, yəni uzun illər boyu vətəndaşlar məmurlar tərəfindən çox böyük süründürməçiliklə üzləşirlər. Vətəndaşların problemləri həll olunmur.
Yəni ədalətsizliyin baş verdiyi, haqsızlığın tüğyan etdiyi bu məmləkətdə məmurların apardığı siyasət sadəcə kağız üzərindədir.
Görün, biz hansı şəkildə idarə olunan bir dövlətdə yaşayırıq? İnsan dəhşətə gəlir.
Prezident Administrasiyasında yüksək vəzifə kürsüsündə əyləşən vəzifəlilər, yoxsul XALQa yuxarıdan aşağı baxan məmurlar bu ölkənin vətəndaşlarını sanki insan gözündə görmürlər.
Hətta deyə bilərəm ki, bəzi məmurlar vətəndaşlara lazımsız əşya kimi baxırlar. Əfsuslar ki, şəxsən mən belə xoş olmayan hallarla dəfələrlə üzləşmişəm.
Azərbaycandakı reallıq neçə illərdir belədir.
Bu xoşagəlməz hallara başqa nə deyək axı?
Deməli, belə nəticəyə gəlmək olur ki, ölkədə aparılan daxili siyasət sıfıra bərabərdir.
Bir az dərindən düşünəndə məlum olur ki, 80 faizi yoxsulluq girdabında üzülən, səfalət içində min-bir zülüm çəkən, çox dözülməz, çətin, ağır sosial-iqtisadi vəziyyətdə yaşayan Azərbaycan XALQı dəbdəbəli, lüks villalarda zəngin həyat yaşayan vəzifəli şəxslər üçün heç kimdir, heç nədir...
Elə bil vətəndaşlar məmurlar üçün ağacdan yerə düşən solmuş bir yarpaqdı, əl boyda taxta parçasıdı, fındıq boyda bir qara daşdı.
Necə də bəxtsiz-talesiz XALQıq.
Görəsən məmurlar XALQı niyə düşünmür?
Daha nə deyim ki...
Sözün bitdiyi andı.
P. S. Ailə üzvlərimlə birgə 39 dəfə kirayə evə köçmüşük. Hələ də zirzəmidə yaşayıram.
Azərbaycanda məmurların apardığı daxili siyasətin nəticəsi belə xoşagəlməz hallardı.
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist
17 Mart 2026


