Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəhram Şəms: 

Dəmlənirəm gözlərimdə qəm kimi

Bu qış yağsam lopa-lopa qar kimi,

səpəm çölə, tökəm düzə bəyazı,

Allah, görən ağararmı bir azca

qara xəttlə qara gələn bu yazı?!

 

 

Bəd olurmuş öz içində daralmaq,

ürək sanki yüz illərin mərizi,

Fikrim sıxır vücudumu nar kimi:

kəm çəkibdi bu qisməti tərəzi...

 

 

Düşünürəm bir-bir ötən illəri,

acı-acı xatirələr zəhərdi,

Uşaqlığım olmayıbdı, gəncliyim

xəyalların boğazında qəhərdi...

 

 

Bu gün görüb, yaşamaqdı?!. Nə isə...

Görək yıxıb sürüyəcək kim kimi?!.

Öz ruhumda buxarlanan dumanam,

dəmlənirəm gözlərimdə qəm kimi...

2025.

Best coffeeshop in Berlin