"Milli Mədəniyyət və Yaradıcılıq" şənliyi uğurla başa çatdı +FOTO=34
19 Mart 2026-cı il tarixində Azərbaycan Respuplikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə paytaxtın Dənizkənarı Milli Park ərazisində yerləşən “Hayal Kahvesi Baku”da "Milli Mədəniyyət və Yaradıcılıq" adlı şənlik uğurla başa çatıb.
AZpress.AZ xəbər verir ki, Novruz bayramına həsr olunmuş bu möhtəşəm tədbirdə 1500-dən çox tələbə gənc iştirak edib. Şənlik Azərbaycanda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrini bir araya gətirərək milli dəyərlərimizin, birlik və həmrəyliyimizin təntənəsinə çevrilib. Baharın gəlişini simvolizə edən bu xüsusi gündə gənclər öz yaradıcılıqlarını nümayiş etdirib, Novruz ənənələrini yaşadaraq tədbirə xüsusi rəng qatıblar.
Şənliyin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov ölkəmizdə tələbə və gənclərin inkişafı üçün yaradılmış şəraitdən, dövlət tərəfindən göstərilən dəstəkdən və bu kimi tədbirlərin əhəmiyyətindən bəhs etmişdir.
O, çıxışında qeyd etmişdir ki, “Bu gün burada ölkənin müxtəlif ali və orta ixtisas təhsil müəssisələrini təmsil edən tələbələr bir araya toplaşıblar. Novruz bayramına həsr olunmuş “Milli Mədəniyyət və Yaradıcılıq” şənliyi yalnız bir tədbir deyil, milli dəyərlərimizin, zəngin mədəni irsimizin və birlik ruhunun təcəssümüdür. Gənclərin sosial fəallığının artırılması, onların bir araya gətirilməsi və milli ənənələrə bağlı ruhda formalaşması baxımından belə təşəbbüslər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti gənclərin inkişafını daim dəstəkləyir və bu gün biz bunun bariz nümunəsini görürük. Bu şənlik yalnız əyləncə xarakteri daşımır, eyni zamanda həmrəylik, milli kimliyə bağlılıq və gələcəyə inamın ifadəsidir.”
Festivalın rəsmi hissəsi yekunlaşdıqdan sonra Novruz bayramına həsr olunmuş “Milli Mədəniyyət və Yaradıcılıq” şənliyinin bədii proqramı başlanmışdır. Müxtəlif rəqs kompozisiyaları, DJ performansları və konsert nömrələri ilə müşayiət olunan əyləncəli hissədə iştirakçılara unudulmaz anlar yaşadılmışdır. Proqram çərçivəsində tanınmış ifaçıların çıxışları təqdim olunmuşdur.
Bununla yanaşı, iştirakçılar üçün intellektual oyunlar, viktorinalar və əyləncəli yarışlar təşkil edilmişdir. Daha sonra il ərzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən CreART proqramı çərçivəsində fəallığı ilə seçilən gənclər mükafatlandırılmışdır.
Bununla da “Milli Mədəniyyət və Yaradıcılıq” şənliyi bir daha göstərmişdir ki, tələbə-gənclər üçün yaradılan imkanlar onların fəal, yaradıcı və məsuliyyətli fərdlər kimi formalaşmasında mühüm rol oynayır.


