Masallıda maarifləndirici tədbir keçirilib
Masallı rayonunun Cəlal Kazımov adına Qodman kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Görüş Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ramiz Nuriyev bildirib ki, görüşün keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın, eləcə də erkən nikaha cəlb olunma hallarının qarşısının alınmasıdır. Masallı Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Azay Ağayev, rayon icra hakimiyyətinin nümayəndəsi Abbas Abbaszadə, polis şöbəsinin rəis müavini İxtiyar Talıbov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Hörmət Balakişiyev çıxışlarında gənclər arasında narkomanlığın zərərli təsirləri, məktəbə qadağan olunmuş əşyaların gətirilməsinin yolverilməzliyi və yetkinlik yaşına çatmayanların törətdiyi hüquq pozuntularının nəticələri barədə danışıb, erkən nikah, məişət zorakılığı, cinsi və əmək istismarı kimi halların qarşısının alınması ilə bağlı tövsiyələrini səsləndiriblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil imkanları barədə də şagirdlərə məlumat verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Akif AĞAYEV


