Murad Fətiyev və Kənan Nəsibov da "Böyük Dəbilqə"nin qalibi olub
Özbəkistanin paytaxtı Daşkənddə kişi və qadın cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli "Böyük Dəbilqə" turnirində fərdi yarışlara yekun vurulub. Turnirin üçüncü günü də ötən günlər kimi Azərbaycan yığması üçün uğurlu olub. Qeyd edək ki, birinci gün 2 (1-1-0), ikinci gün 1(1-0-0) medal qazanan millimiz 3-cu gün isə daha 4 (2-0-2) medal qazanıb. Günün qızıl medalları Murad Fətiyevlə (90 kq) Kənan Nəsibovun (+100 kq) payına düşüb. Murad həlledici finalda gürcüstanlı ikiqat Olimpiya çempionu Laşa Bekaurini, Kənan isə Olimpiya və dünya çempionatınin mükafatçısı olan Özbəkistan təmsilçisi Alışer Yusupovu məğlub edib. Son günün bürünc medallari isə Olimpiya çempionumuz Zelim Kotsayevlə (100 kq), Camal Qamzatxanovun (+100 kq) aktivinə yazılıb.
Xatırladaq ki, əvvəlki günlərdə Əhməd Yusifov (60 kq) və Ömər Rəcəbli (81 kq) qızıl, yalnız finalda öz komanda yoldaşına uduzan Balabəy Ağayev (60 kq) isə gümüş medal qazanıb.
İNTİQAM Məmmədov


