Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Sücəddin qardaş

Salmısan bizləri də bəndə, Sücəddin qardaş,

Gəlmişəm məclisinə mən də, Sücəddin qardaş.

 

Bağlısan idmana həm tibbə, bunun şahidiyəm,

Bələdin var hər iki fəndə, Sücəddin qardaş.

 

Başını qatmağa hər yerdə sənə iş tapılır,

Gözləyir evdə mişar, rəndə, Sücəddin qardaş.

 

Samitin rəhmi gələndə səni hərdən aparır,

Yetirir sağ-salamat kəndə, Sücəddin qardaş.

 

Neçə illər bizə çay süfrəsi açdın, sən özün

meylini salmadın heç qəndə, Sücəddin qardaş.

 

Allahın borcunu heç və'də gecikdirməmisən,

Olasan rəbbə əziz bəndə, Sücəddin qardaş

 

Qırx bir il mən də bu yollarda ömür sərf elədim,

Şaxtada, qarda, duman-çəndə, Sücəddin qardaş.

 

Təzə məktəbdə çalışmaq mənə də oldu nəsib,

İşlədim mən də bu gülşəndə, Sücəddin qardaş.

 

Məmmədin şeirlərindən oxuyurdun arada,

Yorulubsan deyəsən sən də, Sücəddin qardaş.

Məmməd Əvəzoğlu.05.02.2026.

Best coffeeshop in Berlin