Güləş üzrə milli komandalarımız TMT-na başlayıblar
7-11 yanvar günlərində güləş üzrə böyüklər arasında keçirilən seçmə xarakterli Azərbaycan çempionatından sonra komplekləşdirilən milli komandalar (yunan-Roma, sərbəst və qadın güləşi üzrə) 2026-ci ildə ilk təlim-məşq toplanışına (TMT) başlayıb.
AGF-dən verilən məlumata görə yunan-Roma güləşi üzrə yığma komandamız yanvarın 14-dən, sərbəst güləş üzrə millimiz isə yanvarın 18-dən Göygöl Olimpiya İdman Kompleksində TMT-a start verib. Birincilərin toplanışına yanvarın 25-də, ikincilərəsə yanvarın 31-də yekun vurulacaq. Toplanış zamanı güləşçilərin əsasən fiziki və eləcə də taktiki-texniki hazırlıq səviyyəsinin yüksəldilməsi nəzərdə tutulub.
Qadın millimiz isə yanvarın 19-da Bakıda bir araya gəlib.
Yeri gəlmişkən, qadınların ilk beynəlxalq yarışı 4-8 fevral aralığında reytinq xarakterli "Zaqreb Open" turniri olacaq.
Yunan-Romaçıların və sərbəst güləşçilərin analoji yarışı isə fevralın 25-dən fevralın 1-dək Tiranada keçiriləcək (Muhamet Malı Memorialı).
İNTİQAM Məmmədov


