Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sevinc ƏDALƏTQIZI: 

YADDAŞA ÇEVRİLƏN SƏNƏTKAR  ÖMRÜ
RAFİQ RƏHİMLİ-70


Bəzən bir insanın ömrü illərlə deyil, yaratdıqları ilə ölçülür. Yazdığı sözlər, qurduğu səhnələr, yaşatdığı yaddaşlar onun həqiqi yaşını müəyyən edir. Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri olan Rafiq Səfər oğlu Rəhimli də məhz belə sənətkar ömrü yaşayanlardandır. Onun ömrünün 70 ili – sözə, səhnəyə və milli yaddaşa həsr olunmuş bütöv bir taledir.Sənətkarımızın öz fikrinə əsasən, Ulu Tanrı onu xalqımız və mədəniyyətimiz üçün yazıb-yaratmaq və böyük işlər görmək üçün bəxş etmişdir.
Rafiq Rəhimlinin yaradıcılıq yolu keşməkeşli və zəngin fəaliyyət məkanlarından keçir. Ssenari müəllifi, rejissor, aparıcı və dramaturq kimi onun sənət yolu İstehsalat kombinatından başlayaraq Bakı Dövlət Universitetinə, Heydər Əliyev Sarayına, Mədəniyyət Nazirliyinə, Dövlət Radiosu və Dövlət Televiziyasına, “Sara” TV-yə, “İnter Az”a, İrəvan Dövlət Azərbaycan Dram Teatrına, Şuşa Teatrına, Hüseynqulu Sarabski adına Mədəniyyət Sarayına, Şəhriyar adına Mədəniyyət Mərkəzinə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına, Qoşa Qala qapısına, Qız qalasına, Milli Parka, Dövlət Sərhəd Xidmətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Milli Teatra, Estrada Teatrına, eləcə də Dərbənd, Gəncə, Mingəçevir, Lənkəran, Salyan dram teatrlarına qədər uzanır. Bu uzun və mənalı yaradıcılıq yolu onun sənətə sədaqətinin göstəricisidir.
1956-cı il yanvarın 3-də Lənkəran şəhərində dünyaya gələn Rafiq Rəhimlinin həyatında sənət anlayışı təsadüfi olmayıb. Uşaqlıqdan kitab, musiqi və mədəni mühitlə nəfəs alan bu ömür sonralar jurnalistika, dramaturgiya və teatrla bütövləşdi. O, sənəti peşə kimi deyil, yaşayış forması kimi qəbul etdi.Fitri istedad onu erkən yaşlardan sözə gətirdi. Məktəb illərindən yazmaq, oxumaq, müşahidə etmək onun gündəlik vərdişinə çevrildi. Bu yol onu jurnalistikaya apardı. Uzun illər Azərbaycan radiosunda, daha sonra Azərbaycan Dövlət Televiziyasında müxbir və redaktor kimi çalışan Rafiq Rəhimli zamanın nəbzini tutan qələm sahibi kimi tanınır. Onun publisistikası təkcə faktları sadalamaq yox, hadisələrin insan taleyində yaratdığı dərin izləri göstərməyə xidmət edir.
1989-cu ildə Bakı Dövlət Universitetini, 1994-cü ildə isə ali rejissorluq kursunu bitirməsi Rafiq Rəhimlininyaradıcılıq potensialını genişləndirdi. 2000–2002-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışması, 2002-ci ildən etibarən isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi-dram hissəsinin rəhbəri kimi fəaliyyəti Rafiq Rəhimlinin sənət yolunu daha da  möhkəmləndirdi. Bu sənət məbədləri onun üçün sadəcə iş yeri yox, yaradıcılıq taleyinin məhsuldar mərhələsi oldu.
Rafiq Rəhimli dramaturq kimi tariximizin ən ağrılı mövzularına müraciət edib.20 Yanvar faciəsi, Qarabağ müharibəsi, insan ləyaqəti, vicdan və seçim dilemması onun əsərlərinin əsas xəttini təşkil edir. “Şəhid toyu”, “Namus naminə”, “Sənin izinlə” kimi pyeslər 1990-cı illərin teatr mühitində xüsusi hadisəyə çevrilmiş, milli faciələri pafossuz, lakin dərin emosional təsirlə səhnəyə gətirmişdir. Bu əsərlərdə sanki qəhrəmanlar danışmır – susaraq hayqırırlar.
Rafiq Rəhimlini yaxından tanıyanlar onu yalnız istedadlı dramaturq və publisist kimi deyil, sözü və davranışı ilə ətrafındakı insanlara mənəvi dayaq olan, sənətə vicdanla yanaşan ziyalı kimi də  xatırlayırlar.O, eyni zamanda dünya dramaturgiyasını Azərbaycan səhnəsinə peşəkar şəkildə gətirən tərcüməçi və rejissor kimi də tanınır. Sofoklun “Şah Edip”, Rasin və Filipponun əsərləri Rafiq müəllimin tərcümə və quruluşunda yeni səhnə nəfəsi qazanmışdır. Klassikanı milli teatr düşüncəsi ilə uzlaşdırmaq onun yaradıcılığının mühüm cəhətlərindəndir.
Rafiq Rəhimlinin sənət yolunda ayrıca bir istiqamət də teatr salnaməçiliyidir. Amaliya Pənahova, Səyavuş Aslan, Rafiq Əzimov, Lətifə Əliyeva kimi böyük səhnə ustalarına həsr etdiyi kitablar təkcə xatirə deyil, Azərbaycan teatr tarixinin canlı səhifələridir. O, sənətkarları unudulduqdan sonra deyil, yaşadıqları zaman dəyərləndirən qələm sahibidir.
1990-cı ilin 20 Yanvar faciəsi Rafiq Rəhimlinin  yaradıcılığında xüsusi yer tutur. Hadisələrin canlı şahidi olan Rafiq müəllim həmin dövrün ağrılarını publisistik yazılarında, xüsusilə “Efirin göz yaşları” kitabında böyük cəsarət və vicdanla qələmə alıb. Bu əsər susdurulmuş bir xalqın haqq səsinin, vicdan fəryadının bədii-publisistik salnaməsidir:“İki səslə gəldik dünyaya… “ol!” İki səslə köçərik dünyadan… “öl!” Qoy Ali Qüdrət Sahibi xalqımızın, səsimizin, efirimizin adına yazılacaq “öl!”ü Pozub “ol!” Etsin! Azərbaycanımız əbədi bərqərar olsun!”
“Alternativ”qəzetinin 29 yanvar-4 fevral 2003-cü il tarixli sayındaEmil adlı jurnalistin “Efirin göz yaşları” yazısında bildirilir: “Kitabı hadisələr zamanı xalqımızın və teleradionun başına gətirilən qanlı olaya işıq salan projektor adlandırmaq olar. Projektor işığında isə hər şey olduğu kimi görünür.” Yürüdülmüş bu mükəmməl, qeyri-adi mülahizəyə əlavə olaraq qeyd etmək istəyirəm ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Qırmızı İmperiyanın azğın ordusu azadlıq və müstəqillik eşqiylə Bakının müdafiəsinə qalxmış əliyalın xalqımızın üzərinə hücum etmiş, projektor işığında hər şey olduğu kimi görünsə də, dinc sakinlərimiz Şəhid edilmişdir. Rafiq müəllimin bu dəyərli, sanballı,  zəngin və ağır təəssüratlarla dolu kitabı yanvar hadisələrinə tutulmuş bir həqiqət güzgüsüdür. Həmin o ağır günlərdə də dərin kədər hissi ilə ilk qələmə sarılan ziyalı məhz Rafiq Rəhimli olmuşdur.
Bütün bu yaradıcı keyfiyyətlərdən əlavə, dövlət tədbirlərinin ssenari müəllifi, mədəniyyət layihələrinin iştirakçısı kimi Rafiq Rəhimli hər zaman milli dəyərlərin yanında olub.90-cı illərdə onun quruluş verdiyi “Bahar xoş gəlibdir Azərbaycana” tamaşası bu dəyərlərin parlaq ifadəsidir. Eyni zamanda adıçəkilənyaradıcılıq nümunəsiNovruz ruhunu, baharın ətrini, milli yaddaşı yaşadan sənət hadisəsi kimi yadda qalıb. Bu ad belə insanı baharın ətri ilə rövnəqləndirir, Novruzun gəlişinə səbirsizləndirir. Mən şəxsən bu adı eşidəndə əhval-ruhiyyəm anidən yüksəlir və özümü sanki Novruz bayramı ərəfəsində hiss edirəm. 
Rafiq müəllimin mədəniyyətimiz qarşısında göstərdiyi böyükxidmətlər dövlət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, o, 2013-cü ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif edilib. 2019-cu ildə isə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Bu gün Rafiq Rəhimli 70 yaşındadır. Amma bu yaş qocalıq yox, şərəfli və keşməkeşli sənətkar ömrünün ucalıq zirvəsidir. Onun enişli-yoxuşlu yaradıcı həyatı sübut edir ki, sənət şöhrət üçün deyil, zəhmət və həqiqət naminə çarpışmaq üçündür.
Rafiq Rəhimli – taleyini sözə çevirən, sözü səhnəyə daşıyan sənətkardır.Belə ömürlər zamanla yox, yaddaşla ölçülür.
Azərbaycan mədəniyyətinin, teatr və publisistikasının inkişafında əvəzsiz xidmətləri olan, sözə və səhnəyə ömrünü həsr etmiş Rafiq Səfər oğlu Rəhimlini 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik.Ona möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları, qələminin iti, ilhamının bol, sözünün sanballı, sənət yolunun daim işıqlı olmasını arzulayırıq. Qoy yaratdığı əsərlər, yetişdirdiyi dəyərlər və formalaşdırdığı yaddaş gələcək nəsillər üçün də örnək olsun.
Rafiq Rəhimlinin sənətə və milli mədəniyyətə verdiyi töhfələr daim dəyərləndiriləcək, adı Azərbaycan teatr və söz tarixində hörmətlə və ehtiramla yaşayacaq.
Sevinc ƏDALƏTQIZI

 

Best coffeeshop in Berlin