Firəngiz Sabirqızı:
Alpan – susuzluğa qərq olmuş qədim kənd.
Alpan Qubanın ən qədim yaşayış məskənlərindən biridir — deyərdim ki, bəlkə də birincisidir.
Əhalisinə görə də, ərazisinə görə də bir vaxtlar böyük, canlı, hay-küylü bir kənd idi. Bəli, idi...
Əvvəllər toyların, bayramların, uşaq gülüşlərinin səsi hər yerdən eşidilirdi. İndi isə kəndin üç qapısından biri qıfıllıdır.
Evlər kimsəsiz, bacalar tüstüsüz, divarlar suvaqsız qalıb.
Həyətlərdən it səsi gəlmir, küçələrdə uşaq gülüşü kəsilib.
Qapılardan yemək iyi gəlmir keçəndə — sanki həyat dayanıb burada.
Kənd acınacaqlı bir hala düşüb. İçməyə su yoxdur.
Əvvəllər hər məhəllədə bir su kranı olardı, indi o kranların izi-tozu da qalmayıb.
Əkin-biçin dayanıb, torpaq susuzdur.
Kəndli bir qarın çörək dalınca başını götürüb gedib yad şəhərlərə, yad insanların kirayə evlərinə sığınıb.
Qurumlar deyir: “Kəndliyə torpaq verilib, getsin yaşasın.”
Amma su yoxdursa, torpaqla necə yaşasın kəndli?
Əgər mən bir kəndli olaraq bu gün bir stəkan su tapmıramsa içməyə, əkdiyim məhsulu nə ilə sulayım?
Bu kəndin harayı, bu torpağın səsi eşidilməlidir.
Xahiş edirəm, yerli və ali qurumlar, bələdiyyə sədri, icra nümayəndəsi – kresloda oturmaq üçün deyil, xalqa xidmət üçün seçilmisiniz.
Kəndin suyunu bərpa edin!
Kəndin nəfəsini geri qaytarın ki, kəndlilər kənddən qaçmasınlar...
........
Bir qara duman alıb,
bu kəndin ağ qaşını.
Bir kimsə gəlib silmir,
yolların göz yaşını.
Bir kədərə bürünüb,
məhlələr kimsəsiz.
Hər qapıda bir qıfıl,
itlər qalıb yiyəsiz.
Göynəmir sobada köz,
gəlmir yemək tamları.
Evlərə sükut çöküb,
qocalıb ev damları...
Hardadı adamları?
Dolaşdıqca yolları,
ayağımı daş əzir.
Elə darıxmışam ki,
gözlərimi yaş əzir.
Qoyun-keçi azalıb,
sürüdən ayrı düşüb.
Göy otun sinəsinə
bir dodaq ağrı düşüb.
Evlərin daş hasarı
boyumdan uca olub.
Cavan alma ağacı
təklikdən qoca olub.
Bulaqları quruyub
səhəngin sorağından.
Damla-damla yaş axır
Bədirxan bulağından.
Bu kənd küsüb özündən,
yaman ərköyün olub.
Duman alıb qoynuna —
Alpan göylərin olub.


