Hədəf Kursları müəllimlər üçün “Gələcəyin Memarları” layihəsinə start verdi!
Layihənin əsas məqsədi müəllimlərin peşəkar və şəxsi inkişafına dəstək olmaq, öyrənmə prosesini daha fərqli, innovativ və ilhamverici formatda təşkil etməkdir.
Layihənin ilk tədbiri Hədəf Gənclik Liseyinin icraçı direktoru Zülfiyyə Sadıqovanın təqdimatında keçirilən “Pozitiv müəllim, güclü gələcək” təlimi oldu.
Təlim iştirakçıları günə dəniz kənarında keçirilən Yoqa Terapiyası ilə başladılar. Səhərin sakitliyi, dənizin enerjisi və yoqanın verdiyi müsbət aura müəllimlərə həm fiziki, həm də mənəvi olaraq yenilənmək imkanı yaratdı.
Daha sonra iştirakçılar səhər yeməyi ətrafında bir araya gələrək səmimi mühitdə ünsiyyət qurdu, təcrübə mübadiləsi apardı və yeni əməkdaşlıq əlaqələrinin təməlini qoydular.
Təlimin əsas hissəsində müəllimin motivasiyası, müsbət düşüncənin təhsil prosesində rolu, müasir müəllim modeli və peşəkar inkişaf istiqamətləri ətrafında dəyərli müzakirələr aparıldı.
Tədbirdə Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq və Hədəf Kurslarının icraçı direktoru Səftər Əlsəfa iştirak edərək müəllimlərlə görüşdülər, öz tövsiyələrini bölüşdülər və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Tədbir boyunca maraqlı anlar yadda qaldı, iştirakçılar üçün fotosessiya təşkil olundu.
Sonda isə bütün iştirakçılara Hədəf Kursları tərəfindən sertifikatlar təqdim edildi.
“Gələcəyin Memarları” layihəsi çərçivəsində qarşıdakı dövrdə də müəllimlər üçün fərqli məkanlarda, fərqli formatlarda və inkişaf yönümlü yeni proqramlar təşkil olunacaq.
Çünki inanırıq ki, gələcəyin memarları məhz öyrənən, inkişaf edən və ilham verən müəllimlərdir.


