Azərbaycan Respublikası Baş Prokuroru
Kamran Əliyevə
Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizəd Günay Ağamalının toxunulmazlıq hüququnun ləğv edilməsi və Sonuncunun AR CM-nin 159.4.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə
ƏRİZƏ
1 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar keçirilmiş seçkilərdə 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən qeydə alınmış namizəd Günay Ağamalının seçicilərə paylanması üçün nəzərdə tutulmuş çap edilən təşviqat materialındakı “Salyan-Biləsuvar-Neftçala rayonları ilə bağlı öhdəliklər” hissəsində olan bəndlərdən biri belə olmuşdur: “seçki dairəsindəki 600-dən yuxarı bal toplayan abituriyentlərə və orta məktəbin yuxarı siniflərində təhsil alan əlaçı şagirdlərə mükafatlar təqdim olunacaq”.
Bundan əlavə G.Ağamalı aşağıda qeyd edilmiş seçicilərlə görüş zamanı da bu bəndi dəfələrlə səsləndirmişdir:
1. Azərbaycan Respublikası Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizəd Günay Ağamalının 12 avqust 2024-cü il tarixdə Salyan rayonu, Şorsulu kəndində seçicilərlə görüş zamanı çıxışı:
“600-dən yuxarı bal toplayan bizim abuturientlərimizə və yuxarı sinif şagirdlərinə, yəni 9-cu və 11ci sinif aralıqlarında oxuyan əlaçı şagirdlərə bizim xüsusi mükafatlarımız olacaq. Bu bizim çox böyük diqqət mərkəzimizdə olacaq.”
(01 saylı video, an-03:06. Lazım olarsa, yəni araşdırma aparılarsa, Ərizəyə əlavə olunacaq)
2. 13 avqust 2024-cü il tarixdə Sarvan, Seyidlər və Dayıkənd kəndlərindən olan seçicilərlə görüş zamanı çıxışı:
“Seçki Dairəmizdə olan 600-dən yuxarı bal toplayan abuturientləimizə, daha sonra dairəmizdə olan 9-cu, 10-cu və 11-ci siniflərdə oxuyan əlaçı şagirdlərimizə bizim xüsusi mükafatlarımız olacaq. Düşünürəm ki, bu da abuturientlərimiz üçün, deməli əlaçı tələbələrimiz üçün böyük motivasiyadır, stimuldur.”
(02 saylı video, an-05:20. Lazım olarsa, yəni araşdırma aparılarsa, Ərizəyə əlavə olunacaq)
3. 14 avqust 2024-cü il tarixdə Kür Qaraqaşlı kəndində seçicilərlə görüş zamanı etdiyi çıxış:
“Həm də bizi ən çox maraqlandıran və çox diqqət göstərəcətimiz məqamlardan biri də yüksək bal toplayan, 600-dən yuxarı bal toplayan tələbələrimiz üçün, 9-cu, 10-cu və 11-ci siniflərində təhsil alan şagirdlərimiz üçün biz xüsusi mükafatlar təqdim edəcəyik ki, onlar üçün də bu bir stimul olacaq, oxumağa biraz da həvəsləri olacaq və ali məktəblərə uğurla qəbul olmaları üçün bir motiviasiya olacaqdır.”
(03 saylı video, an-06:24. Lazım olarsa, yəni araşdırma aparılarsa, Ərizəyə əlavə olunacaq)
4. 16 avqust 2024-cü il tarixdə Aşağı Surra kəndində seçicilərlə görüş zamanı etdiyi çıxış:
“600-dən yuxarı bal toplayan tələbələrimiz və 9-cu, 10-cu və 11-ci siniflərində təhsil alan şagirdlərimiz üçün biz xüsusi mükafatlar nəzərədə tutulub ki, düşünürəm ki, bu da onların gələcəkdə ali məktəbə qəbul olması üçün bir stimul olacaq, Onlar üçün bir motivasiya olacaqdır.”
(04 saylı video, an-05:09. Lazım olarsa, yəni araşdırma aparılarsa, Ərizəyə əlavə olunacaq)
5. 19 avqust 2024-cü il tarixdə Biləsuvar rayonu Əliabad kəndində seçicilərlə görüş zamanı etdiyi çıxış:
“600-dən yuxarı bal toplayan və 9-cu, 10-cu və 11-ci sinif əlaçı şagirdlərimiz üçün xüsusi mükafatlarımız olacaq ki, düşünürəm ki, bu da gələcəkdə uşaqların, gənclərimizin ali məktəblərə qəbul olunması üçün bir motivasiya olacaq, stimul olacaq. Onlar da bir şəkildə dərsləri ilə daha ciddi məşğul olacaqlar ki, onlar hansısa bir mükafatın alması üçün təbii ki, bir motivasiyadır.”
(05 saylı video, an-04:30. Lazım olarsa, yəni araşdırma aparılarsa, Ərizəyə əlavə olunacaq)
(Ərizənin rahat araşdırılması məqsədi ilə Günay Ağamalının yuxarıda qeyd edilən çıxışlarından “şəxslərə mükafat təqdim edəcəyi vədi verməsi” faktını təsdiq edən hissələri bir yerə toplayaraq 2 dəqiqə 13 saniyəlik qısa video materialı yaratmışam və həmin 06 saylı videogörüntü də lazım olarsa, yəni araşdırma aparılarsa, Ərizəyə əlavə olunacaqdır.)
G.Ağamalı bu hərəkətləri ilə Azərbaycan Respublikasının ratifikasiya etdiyi Beynəlxalq Konvensiyaların və AR-ı Seçki Məcəlləsinin aşağıda göstərilən maddələrinin tələblərini kobud qaydada pozmuşdur:
1. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsi (1948)
Maddə 21: “Hər bir şəxs ölkəsinin idarə edilməsində birbaşa və ya sərbəst seçilmiş nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir. Hər bir kəsin öz ölkəsində dövlət xidmətində bərabər iştirak etmək hüququ vardır. Xalqın iradəsi hökumətin hakimiyyətinin əsası olmalıdır; bu iradə gizli səsvermə yolu ilə keçirilən və ya səsvermənin azadlığını təmin edən müvafiq prosedur qaydaları altında keçirilən müntəzəm, düzgün və bərabər seçkilərlə özünü göstərməlidir.”
Bu maddə seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirilməsini tələb edir və mükafat vəd edilməsi və ya rüşvət seçicinin iradəsini saxtalaşdırmaq məqsədilə istifadə olunan qanunsuz vasitə kimi qəbul edir.
2. Avropa İnsan Hüquqları Konvensiyası (AİHK)
Protokol 1, Maddə 3: "Yüksək Tərəflər Müqaviləsi azad ifadə olunan xalqın iradəsinin qanunvericilər gücün əsasını təşkil etməsini təmin etmək üçün ağlabatan müddətdə gizli səsvermə yolu ilə keçirilən azad seçkilərin təşkil edilməsi öhdəliyini öz üzərinə götürürlər."
Bu Konvensiya azad seçkilərin keçirilməsini və seçicilərin öz iradələrini ifadə etməkdə tam azad olmasını təmin etməyi öhdəlik olaraq müəyyən edir. Seçki zamanı seçicilərə təsir etmək məqsədilə hər hansı bir mükafat vəd edilməsi bu prinsipi pozur.
3. ATƏT-in Demokratik Seçkilərə dair Kriteriyaları (Kopenhagener Sənədi, 1990)
Bənd 7.7: “Seçki prosesinin azad və ədalətli keçirilməsi üçün bütün seçicilər üçün bərabər şərait təmin edilməlidir, o cümlədən təhdidlərdən, zorakılıqdan, təzyiqlərdən və ya hər hansı bir yolla seçici iradəsinə müdaxilə edilməməlidir.”
Bu sənəd ATƏT-ə üzv dövlətlərə seçkilərin azad və ədalətli keçirilməsi, seçicilərin iradələrinə hər hansı formada müdaxilə edilməməsi, təzyiq göstərilməməsi və rüşvət və ya hər hansı mükafat təklif edilməməsi öhdəliyini qoyur.
4. BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Konvensiyası (2003)
Maddə 7: “Dövlətlər seçki proseslərində korrupsiyanın qarşısının alınması üçün tədbirlər görməlidir.”
Bu konvensiya dövlətlərdən korrupsiyanın qarşısının alınması üçün müxtəlif tədbirlərin görülməsini, o cümlədən seçki prosesində korrupsiya hallarına, rüşvət və digər qanunsuz təkliflərə qarşı sərt hüquqi tədbirlər görməyi tələb edir.
5. Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktı (BMSSH)
Maddə 25(b): “Hər bir vətəndaş heç bir ayrı-seçkilik və əsassız məhdudiyyət olmadan, ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə keçirilən həqiqi, müntəzəm və azad seçkilərdə səs vermək və seçilmək hüququna malikdir.”
Bu maddə seçkilərin ədalətli və azad şəkildə keçirilməsini və seçicilərin iradələrinə hörmət göstərilməsini tələb edir.
Yuxarıda göstərilən beynəlxalq sənədlər seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini və seçicilərin iradəsinə müdaxilə edilməməsini tələb edir. Seçkilər zamanı namizədlərin mükafat vəd etməsi və ya rüşvət təklif etməsi seçicilərin sərbəst iradəsini təhrif edən və bu beynəlxalq standartları pozan bir hərəkət hesab olunur. Bu səbəbdən, belə hallar beynəlxalq hüquq normalarına uyğun olaraq yolverilməzdir.
6. Seçki Məcəlləsi.
Maddə 2. Seçkilərdə və referendumda iştirakın prinsipləri
2.6. Seçkilərdə (referendumda) iştirak edənlər aşağıdakı şərtlərə riayət etməlidirlər:
2.6.14-cü maddəsi seçicilərə mükafat təklif etməmək, onları cəza ilə hədələməmək;
Maddə 88. Seçkiqabağı təşviqat aparılarkən sui-istifadə hallarına yol verilməməsi
2. 88.4. Seçkiqabağı təşviqatda bilavasitə yaxud dolayısı ilə iştirak edən namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun, onların səlahiyyətli nümayəndələrinin, habelə digər şəxslərin və təşkilatların seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır:
88.4.2. göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;
Maddə 115. Vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət
115.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cinayət, mülki və ya inzibati məsuliyyətə aşağıdakı şəxslər cəlb edilə bilərlər:
115.1.4. seçiciləri ələ alanlar...
Azərbaycan Respublikası Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizəd Günay Ağamalı bu hərəkətləri ilə, yəni çap edilən təşviqat materialına “seçki dairəsindəki 600-dən yuxarı bal toplayan abituriyentlərə və orta məktəbin yuxarı siniflərində təhsil alan əlaçı şagirdlərə mükafatlar təqdim olunacaq” cümləsini qeyd etməklə və namizədliyini verdiyi dairə üzrə olan seçicilərlə görüş zamanı sonunculara xüsusi mükafatlar vəd etməklə şəxsləri ələ almış, daha dəqiq desək seçiciləri özü üçün əlverişli qərara gəlməyə sövq edərək seçicilərin seçki hüquqlarının həyata keçirilməsinə mane olmaqla AR CM-nin 159.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
Maddə 159. Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma
159.1. Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma-
min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[312]
159.4. Bu Məcəllənin 159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş əməllər;
159.4.1. ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə;
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bildiyiniz kimi CM-in 159-cu maddəsində nəzərdə tutulan cinayət hüquq norması blanket xarakterli olduğundan bu cinayətin törədilməsi mexanizmi Beynəlxalq Konvensiyaların, Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin, habelə MSK-nın qəbul etdiyi təlimatların və s. normativ hüquqi aktların müddəalarının təhlil edilməsi yolu ilə müəyyənləşdirildiyi üçün yuxarıda müvafiq qanun normalarını nəzərinizə çatdırdım.
Gördüyünüz kimi, Azərbaycan Respublikası Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizəd Günay Ağamalı bu hərəkətləri ilə, yəni çap edilən təşviqat materialına “seçki dairəsindəki 600-dən yuxarı bal toplayan abituriyentlərə və orta məktəbin yuxarı siniflərində təhsil alan əlaçı şagirdlərə mükafatlar təqdim olunacaq” cümləsini qeyd etməklə və namizədliyini verdiyi dairə üzrə olan seçicilərlə görüş zamanı sonunculara xüsusi mükafatlar vəd etməklə şəxsləri ələ almış, daha dəqiq desək seçiciləri özü üçün əlverişli qərara gəlməyə sövq edərək seçicilərin seçki hüquqlarının həyata keçirilməsinə mane olmaqla AR CM-nin 159.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
Odur ki, sözügedən cinayətin formal tərkibli olduğunu, yəni cinayət əməlinin başa çatdığını və bu cinayət əməli üzrə cinayət təqibinin ictimai ittiham qaydasında həyata keçirildiyini nəzərə alaraq, Sizdən Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərdə 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən qeydə alınmış namizəd Günay Ağamalının toxunulmazlıq hüququnu ləğv edilməsi üçün müvafiq tədbirlər görməyinizi və fakt üzrə cinayət işi başlayaraq Sonuncunu AR CM-nin 159.4.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etməyinizi xahiş edirəm.


