Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Əlizaman abiyə

Yazıram namə-nəzm dostum Əlizaman Baxışa,
Deyəsən tuş gətirib taleyi bəd qar-yağışa.
Uca boylu bu adam dilli-dilavər kişidir,
Arada şeirə əl atmaq Əlinin vərdişidir.
Bir zanlar vurulub Lənkəranda bir gözələ,
O qızın xətri üçün ömr eləyir abim hələ.
Bu qoca dostumuzun da hünəri sözdə imiş,
Lənkərandan qız alıb, guya günah bizdə imiş!
Elə ah-vay eləyir, zikkəsi lap ərşə çatır,
Arada Məmmədə də qafiyəli güllə atır.
Dədəsi dindar imiş, evdə çox götür-qoy edib,
Beləliklə Əliyə zurna-qavalsız toy edib.
Əlli dörd il ötüşüb, indi düşübdür yadına,
Yetişən olmayıb onda uşağın imdadına.
Özü bu əhvalatı xəlqə ərzi-hal elədi,
Bir az da kefimizi pozdu bədəhval elədi.
Deyirəm, bəlkə onun başqa cürə niyyəti var,
Yenə o alma dəyən qonşu qıza beyəti var.
Od olmasaydı əgər tüstüdən də yazmaz idi,
Bizim bu Məşədi İbad heç yolundan azmaz idi.
Bəlkə dövran onu da hali-pərişan eləyib?
Ya cavanlıq həvəsi bağrını al qan eləyib?
Sözünə baxmayır heç köhnə Mersedes maşını,
Bu yaşda usta gəzir, yazıq itirmiş başını.
Odur ki, hər sözünün boynuna ip salmamışam,
Nə qədər töhmət edə, heç vecimə almamışam.
Belə yerdə atalar bircə kəlam ərz eləyib,
Oğlan evi alınca, qız evi ölüncə, deyib.

Məmməd Əvəzoğlu.13.05.2025

Best coffeeshop in Berlin