BƏYBALA MİRZƏ:
Farsları qəzəbləndirən və qorxudan dilimiz...
Pezeşkianın Azərbaycan dilində danışmasına niyə etiraz edirlər?
ŞƏT-in Bişkek sammiti bitsə də, lakin İran Prezidenti Məsud Pezeşkianın həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də öz qızı Zəhra ilə Azərbaycan türkcəsində danışması ətrafındakı söz-söhbətlər, linçləmələr bitmək, səngimək bilmir.
İlham Əliyevin Pezeşkiana öz dilimizdə müraciət etməsi və ona öz sularımızdan ("İsti su", "Badamlı" və s.) içməyi təklif etməsi həm Azərbaycanda, həm də Türkiyədə yaxşı mənada eyforiya və ajiotaj yaratsa da, ancaq İranın fars millətçi dairələrinin isə sərt reaksiyasına səbəb oldu.
Həmçinin Pezeşkianın ŞƏT sammiti zamanı qızına Azərbaycan türkcəsində “Zəhra, keç gəl bura” deməsi sosial şəbəkələrin İran seqmentində geniş müzakirələrə yol açıb.
İran sosial mediasında prezidentə qarşı təhqiramiz ifadələrin yer aldığı çoxsaylı paylaşımlar yayılıb. Bəzi fars millətçi istifadəçilər Pezeşkianı Azərbaycan türkcəsində danışdığına görə sərt tənqid edib və onun istefasını tələb ediblər.
Sosial şəbəkələrdə prezidentin istefası ilə bağlı çağırışların yer aldığı yüzlərlə paylaşım edilib, minlərlə neqativ rəylər yazılıb.
Bir fars mollası isə özünə əl qataraq Pezeşkianı Əliyevlə görüş zamanı onun özünü səmimi, xoşgörülü və biraz da fağır görkəmdə aparmasına görə topa tutub, ağzı köpüklənə-köpüklənə Pezeşkianı isterik şəkildə ittiham edib.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan türkcəsi fars-molla rejiminin və onun gizli-açıq dəstək verdiyi panfarsçı şovinistlərin ən çox qorxduğu yumşaq gücdür.
Onlar bizim dilimizin fars-molla rejimini laxlada və dağıda biləcək gücünü bizdən də qat-qat yaxşı bilirlər. Ona görə də Pezeşkianın Əliyevlə hər görüşündə ana dilimizdə danışmasına və İranın özündəki bəzi rəsmi tədbirlərdə Azərbaycan dilində şeir söyləməsinə, el məsəllərini xatırlatmasına bu cürə dözümsüz reaksiya verir, Pezeşkianı susdurmağa çalışırlar.
Bu arada Arazın bu tayındakı - Azərbaycan Respublikasındakı bəzi ifrat "ağıllılar", "intellektuallar" isə nihilizmin və təftişçiliyin lap dibinə enərək Əliyevlə Pezeşkianın Azərbaycan dilində danışmasına xoş münasibət bildirən, bunu alqışlayan insanlarımıza lağ edir, "nə böyük iş olub ki?" deyib bu hadisənin əhəmiyyətini kiçiltməyə, dəyərsizləşdirməyə çalışırlar.
Ancaq fars millətçiləri isə bizim bu ağlı, intellekti qıcqırmış nihilistlərimizdən fərqli olaraq Əliyevlə Pezeşkianın Azərbaycan dilində söhbətləşməsinin nə boyda böyük bir iş, böyük bir hadisə olduğunu bütün incəliyinə qədər dərk edirlər. Çünki onlar bu hadisənin alt qatında İranın hazırkı fars-molla dövlətçiliyi üçün potensial təhlükənin mövcud olduğunu düşünürlər. Onlar bizimkilərin görə bilmədiklərini görürlər. Ona görə də bu cür əl-ayağa düşüblər.
Bu da o deməkdir ki, Əliyevlə Pezeşkianın ana dilimizdə danışmaqlarına adi epizodik bir hal kimi, sıradan bir olay kimi qiymət verib, üstündən ötüb keçməməliyik. Çünki Azərbaycan türkcəsi hazırkı potensialı ilə İranı "olum, ya ölüm?" seçimi qarşısında qoya biləcək bir gücə sahibdir.
Ola bilsin ki, biz bu gücü, bu perspektivi görə bilmirik, amma fars millətçiləri isə bunu yaxşı görürlər. Bərk narahat olmaqları da məhz bundan qaynaqlanır.
Odur ki, "Niyə bu qədər sərt reaksiya var?" sualının cavabı da, əslində, gün kimi aydındır.
Pezeşkianın Azərbaycan türkcəsində danışmasına etirazın səbəbi əsasən dilin özü deyil, İranda fars millətçi dairələrinin bunu siyasi və simvolik təhlükə kimi görməsidir.
Qısa desək, etirazın arxasında bir neçə motiv görünür:
-Birincisi, Azərbaycan türkcəsinin siyasi müstəvidə görünürlüyü məsələsidir. Pezeşkianın prezident kimi ana dilində danışması İran daxilində qeyri-fars kimliyinin rəsmi səviyyədə görünməsini artırır.
-İkincisi, milli kimlik narahatlığıdır. Fars millətçi çevrələr bunu vahid fars mərkəzli kimlik üçün, İranın bütövlüyü üçün zəiflədici siqnal kimi qavrayırlar.
-Üçüncüsü, burada siyasi simvolizm amili önə çıxır. Pezeşkianın İlham Əliyevlə və öz qızı ilə türkcə danışması, bəzi dairələr tərəfindən Türk/Azərbaycan kimliyinin güclənməsi kimi yozulur.
-Dördüncüsü, prezidentin milli mənşəyi faktorudur. Pezeşkianın milliyyətcə Azərbaycan türkü olması və bunu gizlətməməsi də şovinist reaksiyaları gücləndirir.
-Beşincisi isə, qorxu narratividir. Bəzi çevrələr Azərbaycan türkcəsini sadəcə ünsiyyət vasitəsi kimi yox, potensial yumşaq güc kimi görürlər.
Yəni etirazın kökündə daha çox kimlik, güc balansı və simvolik siyasət dayanır. Dilin özü yox, dilin yaratdığı mənəvi və siyasi təsir onları narahat edir.
Ona görə də bu mövzu bir neçə qatlıdır və təkcə “Pezeşkian türkcə danışdı, ona etiraz etdilər” səviyyəsində deyil.
Əsas qat, əsas səbəb budur ki, İran daxilində fars millətçi dairələr qeyri-fars dillərinin yüksək səviyyədə görünməsini çox həssas qarşılayırlar. Onların baxışına görə dövlət dili və dövlət kimliyi yalnız və yalnız fars mərkəzli qalmalıdır. Prezidentin türkcə danışması qeyri-fars kimliklərin legitimliyini artırır, bu da gələcəkdə daha geniş mədəni-siyasi tələblərə yol aça bilər. Bu, panfarsçıların ciddi narahatlığına səbəb olur.
Pezeşkianın öz qızına türkcə müraciət etməsi panfarsçılar tərəfindən sırf rəsmi protokol davranışı deyil, şəxsi ailəvi kimliyin və milli kimliyin açıq göstərilməsi kimi qəbul edilir. Məhz buna görə “Zəhra, keç gəl bura” kimi ifadənin kameraya düşməsi sosial mediada "partlayış" effekti doğurdu. Panfarsçılar bunun arxa qatında Azərbaycan türkcəsinin İranda yalnız məişət dili yox, həm də siyasi və mədəni təsir dili ola bilməsi ehtimalını görür və bunu sadə dil seçimi kimi deyil, milli kimlik və yumşaq təsir gücü kimi görür.
İrandan fərqli olaraq Azərbaycanda və Türkiyədə bu hadisənin müsbət qarşılanmasının motivləri isə anlaşılandır. Çünki çox adam bunu ana dilimizin yüksək geosiyasi səviyyədə görünməsi, Azərbaycan türkcəsinin İran lideri ilə siyasi protokolda işlənməsi və
Azərbaycan faktorunun etibarlı şəkildə nümayişi kimi dəyərləndirdi.
Nihilist və bədbin insanların bunu kiçik məsələ sayması isə dar düşüncənin nəticəsidir. Onların dar düşüncəsinə görə, bunun şişirdilməsi lazım deyil, çünki rəsmi səfərdə ailə içi danışıqdır,
bir prezidentin digər prezidentlə eyni ana dilində danışması normaldır, bunu böyük siyasi hadisəyə çevirmək lazım deyil və s...
Amma qarşı tərəf (panfarsçılar) isə buna normal görünən hadisə kimi yox, İran dövlətçiliyi üçün fəlakət əlaməti kimi yanaşır. Onlar tam əmindirlər ki, dil təkcə ünsiyyət vasitəsi deyil, milli kimliyin, dövlətçiliyin, siyasi gücün simvoludur.
Buna görə də Pezeşkian və Əliyevin ana dilimizdə danışması bəziləri üçün sıradan bir epizod, bəziləri üçün isə gələcəyə hesablanmış açıq siyasi mesajdır. Axı bu cür hadisələr bir dilin statusunu və gələcək passionarlığını göstərir.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



