Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açıldı +FOTO=24

Milli Azərbaycan Tarixi Muzeyində 1944-cü ildə doğma torpaqlarından deportasiya edilən Ahıska türklərinin tarixinə həsr olunmuş “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisinin açılış mərasimi keçirilib.

Türkiyə Xarici İşlər Nazirliyi və Dünya Ahıska Türkləri Birliyinin əməkdaşlığı çərçivəsində hazırlanan sərgi Ahıska türklərinin sürgün tarixini, bu faciənin ağır nəticələrini, müxtəlif coğrafiyalara səpələnmiş insanların həyat hekayələrini və tarixi vətənə qayıdış arzusunu əks etdirir.

Ekspozisiyada tarixi sənədlər, fotoşəkillər, canlı şahidliklər, eləcə də audio-vizual materiallar təqdim olunur. Sərginin əsas məqsədi Ahıska türklərinin yaşadığı sürgün faciəsini tarixi yaddaşda yaşatmaq, onların milli və mədəni kimliyinin qorunmasına diqqət çəkmək və bu tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaqdır.

Sərginin konsepsiyasında Ahıska türklərinin yalnız sürgün zamanı yaşadığı faciələr deyil, bütün çətinliklərə baxmayaraq milli kimliyini, ailə və mədəniyyət bağlarını qoruyub saxlaması, həyatını yenidən qurması və gələcəyə olan ümidini itirməməsi də xüsusi yer tutur.

Qeyd edək ki, sərgi ilk dəfə 12 iyun 2026-cı ildə İstanbul Atatürk Mədəniyyət Mərkəzində Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı ilə təqdim olunub. İstanbulda iki həftə nümayiş etdirilən ekspozisiya böyük maraqla qarşılanıb. Sərginin kuratoru Beste Gürsu, ekspozisiya üçün xüsusi musiqilərin müəllifi isə tanınmış bəstəkar Fahir Atakoğludur.Sərginin İstanbuldan Bakıya Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə qatarla daşınması da xüsusi rəmzi məna daşıyır. Bir zamanlar sürgün nəticəsində bir-birindən ayrılmış coğrafiyaların bu gün dəmir yolu ilə birləşdirilməsi sərginin yaddaş, birlik və qardaşlıq mesajını daha da gücləndirir.

Tədbirdə Azərbaycan və Türkiyədən rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, tarixçilər, mədəniyyət xadimləri, Ahıska türklərinin təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda Ahıska türklərinin tarixi, 1944-cü il deportasiyasının nəticələri, tarixi yaddaşın qorunmasının əhəmiyyəti, Azərbaycan və Türkiyənin Ahıska türklərinə göstərdiyi diqqət və dəstək, eləcə də iki qardaş ölkə arasındakı münasibətlərdən bəhs olunub.

Tədbirdə Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Ahıska türklərinin nümayəndələri çıxış ediblər.

“Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi avqustun 21-dən 28-dək Milli Azərbaycan Tarixi Muzeyində ziyarətçilər üçün açıq olacaq.

Fotolar: Rasim Sadıxov

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111