Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda ənənəvi Tüklə Voleybol Liqası

 

Bakıda keçirilən 4-cü ənənəvi Tüklə Voleybol Liqası mövsümə yaddaqalan final və təntənəli bağlanış mərasimi ilə nöqtə qoyub. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) dəstəyi, Azərbaycan Voleybol Federasiyasının təsdiqlədiyi Əsasnamə əsasında təşkil olunan həvəskarlar liqası bu il də gərgin mübarizə və yüksək idman ab-havası ilə yadda qalıb.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan bağlanış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndərin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
May ayında 9 komandanın iştirakı ilə start götürən çempionatın yekun nəticələrinə əsasən "Kidol VK" çempion adına layiq görülüb. "Qartal VK" ikinci, "Zəfər VK" isə üçüncü pillədə qərarlaşıb.
Biləcəridə yerləşən Murov Az Terminal İdman Kompleksində keçirilən mükafatlandırma mərasimində qalib və mükafatçılara kubok, medal və diplomlar təqdim olunub.
AİJA-nın prezidenti, əməkdar jurnalist Eldar İsmayılov çıxışında bildirib ki, artıq dördüncü mövsümünü uğurla başa vuran Tüklə Voleybol Liqası qısa müddətdə həvəskar voleybolun ənənəvi turnirlərindən birinə çevrilib: "Voleybolun kütləviliyini artırmaq, yeni idmançıların üzə çıxarılmasına dəstək vermək və sağlam rəqabət mühitini təşviq etmək Tüklə Voleybol Liqasının əsas prioritetidir."
Qeyd edək ki, Masallı rayonunun Tüklə kəndi uzun illərdir voleybol ənənələri ilə tanınır. Məhz bu ənənələr üzərində formalaşan Tüklə Voleybol Liqası artıq kənd səviyyəsini aşaraq ölkə miqyasında maraqla izlənilən həvəskar voleybol turnirlərindən birinə çevrilib.

 

Akif AĞAYEV


 

Best coffeeshop in Berlin