Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan-Misir mədəni əlaqələrinə həsr olunmuş sərgi açıldı +FOTOLAR

İyulun 8-də ADA Universitetində azərbaycanlı gənc rəssamların Böyük Misir Muzeyinin nadir eksponatlarından ilhamlanaraq ərsəyə gətirdikləri əsərlərdən ibarət sərgi açılıb. Sərgi ADA Universiteti, Misirin Azərbaycandakı səfirliyi və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub.

AZpress.AZ xəbər verir ki, sərgi 9 İyul – Azərbaycanda Diplomatik Xidmət Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə təşkil olunub və mədəni diplomatiyanın xalqları və dövlətləri birləşdirən gücünü nümayiş etdirməyi hədəfləyir.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdə, xüsusilə mədəni diplomatiya istiqamətində uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O bildirib ki, Misirin Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan sərginin əsas məqsədi mədəni diplomatiyanın əhəmiyyətini nümayiş etdirmək, xalqlar arasında qarşılıqlı anlaşma və əlaqələri daha da möhkəmləndirməkdir.

Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda sərginin açılışında iştirak etməkdən məmnunluğunu ifadə edib. Diplomat bildirib ki, bu cür təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə, mədəni irsin tanıdılmasına və Azərbaycan-Misir dostluq münasibətlərinin inkişafına xidmət edir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Misir və digər dost ölkələrlə bağlı keçirilən bu cür tədbirlər mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. O vurğulayıb ki, Azərbaycan ilə Misir arasında münasibətlər yüksək səviyyədədir və Misir beynəlxalq platformalarda hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib.

Deputat iki ölkə arasında parlamentlərarası əlaqələrin, dövlət qurumları, diplomatik nümayəndəliklər və media arasında əməkdaşlığın da uğurla inkişaf etdiyini diqqətə çatdıraraq bildirib ki, bu əlaqələr Azərbaycan-Misir dostluğunun daha da möhkəmlənməsində mühüm rol oynayır.

Milli Məclisin deputatı Asim Mollazadə çıxışında sərginin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, belə layihələr mədəni diplomatiyanın gücünü nümayiş etdirir, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. 

"Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Bəxşəliyev çıxışında bildirib ki, “Mədəni diplomatiya incəsənət sərgisi” layihəsinə 2010-cu ildə başlanılıb. Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətini beynəlxalq ictimaiyyətə tanıtmaq, milli incəsənəti dünya auditoriyasına təqdim etmək, eyni zamanda gənc azərbaycanlı rəssamların yaradıcılıq potensialını beynəlxalq sənət ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Fotomüxbir Mahir Əhmədov,

Xeyransa İsmayılova

Best coffeeshop in Berlin