Yeniyetmə cüdoçularımız AÇ-də fərdi yarışları 10 medalla bitirib
Bu gün isə çempionatda qarışıq komanda yarışı keçiriləcək
İyunun 29-da İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində yeniyetmə cüdoçular arasında startı verilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatında fərdi yarışlara iyulun 1-də yekun vurulub. ACF-dən verilən məlumata görə, cüdoçularımız fərdi yarışları 10 (2-3-5) medalla başa vurublar.
Bu yarışda qızıl medallar bütün görüşlərini qələbə ilə başa vuran Zəhra Quliyeva (40 kq) ilə Nihad Ağayevin (50 kq), gümüşlər yalnız həlledici finalda büdrəyən Ömər Axundov (40 kq), Fərid Rzazadə (50 kq) və Sadiq Məmmədovun (73 kq), bürünc medallar isə çıxışını üçüncü yerdə bitirən Könül Eyvazlı (48 kq), İbrahim Talıbov (55 kq), İlkin Qarayev (66 kq), Ayxan Həsənli və Yaqub Məmmədovun (hər ikisi 81 kq) aktivinə yazılıb.
Bu gün isə AÇ-də qarışıq komanda yarışlara start veriləcək. Komanda yarışında Azərbaycan da daxil olmaqla 13 komandanın heyətində 137 cüdoçu mübarizə aparacaq. Qızlar 48, 63 və +63, oğlanlar isə 60, 81 və +81 kq çəkidə güləşəvəklər. Azərbaycan mübarizəyə 1/8 finaldan Çexiyaya qarşı görüşlə qatılacaq. Təsnifat görüşləri saat 13:30, final bloku isə 19:30-da başlayacaq.
İNTİQAM Məmmədov


