Cüdoçumuz Əjdər Bağırov Çexiya turnirində gümüş medal qazanıb
Çexiyanın paytaxtı Praqada böyüklər arasında cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa Açıq Turnirinə yekun vurulub. İkigünlük yarışın son günü daha bir cüdoçumuz inamla güləşərək mükafatçılar sırasında yer alıb. Söhbət 100 kq çəki dərəcəsində tatamiyə çıxan və yalnız həlledici finalda büdrəyərək gümüş medalla kifayətlənən Əjdər Bağırovdan gedir.
Yeri gəlmişkən, turnirin ilk günü isə cüdoçularımızdan Elşən Əsədov (66 kq) qızıl, onun finalda üstələdiyi komanda yoldaşı Rəşid Yelkiyev (66 kq) gümüş, Kamran Süleymanov (73 kq) isə bürünc medal qazanıb.
Bununla da Azərbaycanın kişilərdən ibarət yığma komandası 38 ölkə yığmasının iştirak etdiyi Çexiya turnirini 4 (1-2-1) medalla ümumi komanda hesabında 6-cı yerdə başa vurub. Komandamız kişi komandalar arasında isə Fransa ilə birlikdə 2-3-cü yerləri bölüşüb.
İNTİQAM Məmmədov


