Ülviyyə Həmzəyeva:
İƏT bu gün həmrəyliyin və siyasi əməkdaşlığın mühüm platformasıdır
Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasının keçirilməsi Azərbaycanın islam dünyasında artan nüfuzunun və ölkəmizə göstərilən yüksək etimadın göstəricisidir. 40-dan çox ölkədən nümayəndələrin qatıldığı bu mühüm tədbir təkcə parlamentlərarası əməkdaşlıq baxımından deyil, həm də islam dünyasında birliyin, qarşılıqlı dəstəyin və ortaq mövqenin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Bu gün İƏT yalnız dini və mədəni dəyərləri birləşdirən təşkilat deyil. O, eyni zamanda müsəlman ölkələrinin siyasi dialoq apardığı, beynəlxalq məsələlərdə ortaq mövqe nümayiş etdirdiyi və həmrəyliyi gücləndirdiyi mühüm platformadır. Xüsusilə Yaxın Şərqdə baş verən gərgin hadisələr, münaqişələr və humanitar böhranlar İƏT-in rolunu daha da artırır. Belə bir şəraitdə təşkilatın əsas vəzifəsi islam dünyasında parçalanmanın qarşısını almaq, dialoqu və əməkdaşlığı təşviq etməkdir.
Azərbaycan İƏT məkanında fəal və təşəbbüskar dövlət kimi çıxış edir. Ölkəmiz uzun illər ərzində islam həmrəyliyinin möhkəmləndirilməsi, mədəni irsin qorunması, humanitar əməkdaşlıq və parlament diplomatiyasının inkişafına mühüm töhfələr verib. Eyni zamanda İƏT Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib, işğal dövründə ölkəmizin haqlı mövqeyini müdafiə edib.
Bu gün Azərbaycan ilə İƏT arasında əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır. Energetika, nəqliyyat, təhsil, gənclər siyasəti, humanitar layihələr və işğaldan azad olunmuş ərazilərin bərpası da bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan həm islam dünyasının bir parçası, həm də müasir, dünyəvi və açıq inkişaf modeli təqdim edən ölkə kimi İƏT daxilində xüsusi yer tutur.
Bakıda keçirilən 20-ci sessiya bir daha göstərir ki, Azərbaycan islam dünyasında etibarlı tərəfdaş, mühüm diplomatik mərkəz və birləşdirici ölkə kimi qəbul olunur. Bu tədbir həm ölkəmizin beynəlxalq mövqeyini gücləndirir, həm də İƏT çərçivəsində yeni əməkdaşlıq imkanları yaradır.


