Yaponiyanın Mihama Atom Elektrik Stansiyasında buxar sızması aşkar edilib
Fukui prefekturasındakı Mihama Atom Elektrik Stansiyasının 3-cü blokunda buxar sızması aşkar edilib.
Stansiyanın operatoru olan Kansai Elektrik Enerji Şirkəti (KEPCO) reaktoru əl ilə söndürmək məcburiyyətində qalıb.
Xəsarət alan olmayıb, sızma ətraf mühitə təsir etməyib və radiasiya səviyyəsində heç bir dəyişiklik aşkar edilməyib. Şirkət hadisənin səbəbini araşdırır.
Mihama Atom Elektrik Stansiyası Yaponiya dənizinin sahilində, Honsyu adasında, Tokiodan təxminən 320 km qərbdə yerləşir. Stansiyanın tikintisinə 1967-ci ildə başlanılıb və 340 MVt, 500 MVt və 826 MVt gücündə üç PWR reaktoru inşa edilib. 1 və 2-ci bloklar 2015-ci ildə istismardan çıxarılıb. 3-cü blok müvəqqəti olaraq bağlanıb, lakin təhlükəsizlik sistemi təkmilləşdirildikdən sonra 2021-ci ildə yenidən işə salınıb və 2022-ci ilin sentyabr ayından bəri normal fəaliyyət göstərir.


