“Antakyanın ruhunda Həbibi Nəccar” mövzusunda Beynəlxalq Ənənəvi Türk İncəsənəti Simpoziumu və sərgisi keçirilib
28-29 aprel 2026-cı il tarixlərində Türkiyə Cümhuriyyətinin Hatay şəhərində “Antakyanın ruhunda Həbibi Nəccar” mövzusunda Beynəlxalq Ənənəvi Türk İncəsənəti Simpoziumu və sərgisi keçirilib.
Simpozium Qurani-Kərimin Yasin urısində haqqında bəhs edilən din adamına Həbibi Nəccara həsr olunub. Həbibi Nəccar məscidi Türkiyə ərazisindəki ilk məscid olması ilə də məşhurdur. Hatay şəhəri, onun tarixi abidələri 2023-cü il zəlzələsində tamamilə dağılıb. Həbibi Nəccar məscidi dağılsa da artıq Türkiyə dövləti tərəfindən bərp edilib. Simpozium Həbibi Nəccar məscidinin yaxınlığındakı kitabxanada baş tutub. Tədbir Hatay Valiliyi, Hatay İl Kültür və Turizm İdarəsi, Hatay Böyükşəhər Bələdiyyəsi və Hatay Mustafa Kamal Universiteti birgə təşkilatçılığı ilə reallaşıb.
Simpoziumda Azərbaycan, Türkiyə, Bosniya və Hersoqovina, Özbəkistan və digər ölkələri təmsil edən 30-dan çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.
Tədbiri giriş sözü ilə açan Konfrans Təşkilat Komitəsinin sədri professor Ayşəgül Qarakəllə bildirib ki, simpoziumun əsas məqsədi zəlzələdən sonra Hatayda yenidənqurma işləri fonunda mədəni hadisələrin canlanmasıdır. Burada yeni yaşayış binları ilə yanaşı, tarixi Antakya da bərpa olunur. Məscidlər, kilsələr, sinaqoqlar, antik Antakya qalıqları yenidən turistlər və yerli xalq üçün açılır. Həbibi Nəccar məscidi nəinki maddi mədəniyyət abidəsi kimi, çöxmədəniyyətli Hatay üçün qeyri-maddi mədəniyyət abidəsi kimi də önəmlidir.
Azərbaycan Milli Elmlər Akademiası Arxeologiya və Antropologya İnstitutu İslam dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli dəvətli məruzəçi kimi "Bərpa prosesində Həbibi Nəccar məscidi" mövzusunda çıxış edib. Fariz Xəlilli bildirib ki, Antakya tarix boyu Şərq ilə Qərb arasında mühüm keçid nöqtəsi olmuş, çoxqatlı mədəni quruluşu ilə seçilən qədim bir şəhərdir. Şəhər yalnız ticarət və strateji mövqeyi ilə deyil, həm də dinlər tarixi baxımından daşıdığı dərin məna ilə diqqət çəkir. Bu çoxşaxəli kimliyin ən bariz təzahürlərindən biri isə Habib-i Neccar məscididir.
Habib-i Neccar məscidi Anadolunun ən qədim məscidlərindən biri hesab olunur; tərkibində yerləşən türbələr, memarlıq qatları və keçirdiyi tarixi dəyişikliklərlə adi bir ibadət məkanından daha artıq məna daşıyır. Xüsusilə 2023-cü ildə baş vermiş böyük zəlzələdən sonra həyata keçirilən bərpa işləri yalnız binanın yenidən qurulmasını deyil, eyni zamanda tarixi yaddaşın dirçəldilməsini də ifadə edir.
Antakyanın tarixi inkişafına nəzər saldıqda, şəhərin Selevkilər dövründə qurulduğu, Roma və Bizans dövrlərində böyük bir metropola çevrildiyi və xristianlığın erkən dövr mərkəzlərindən biri olduğu görünür. Ticarət yollarının kəsişmə nöqtəsində yerləşməsi müxtəlif mədəniyyət və inancların bir arada yaşamasına şərait yaratmış, bu vəziyyət şəhərin həm memarlıq, həm də sosial quruluşuna birbaşa təsir göstərmişdir. İslam fəthlərindən sonra Antakya yeni bir kimlik qazanmış və bu dönüşümün ən mühüm simvollarından biri Habib-i Neccar məscidi olmuşdur. Bu tikili şəhərin islamlaşma prosesinin erkən və güclü nümayəndələrindən biri kimi tarixi davamlılıq içərisində xüsusi mövqe qazanmışdır.
Simpozium çərçivəsində incəsənət sərgisi də təşkil olunub. Sərgidə ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət UNiversitetinin müəllimi Tamilla Abdullayeva təmsil edib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Simpozium iştirakçıları Hatay Arxeoloji Muzey-Hotelini, Müqəddəs Pyotr kilsəsini, Həbibi Nəccar məscidini və digər tarixi yerləri ziyarət ediblər.


