AZpress.AZ-ın ARXİVİNDƏN
Məmməd Əvəzoğlu:
Adəm və Həvva
Bir şey yaşamasaq da
doymuşuq bu həyatdan.
Boşuna guruldayan bu sirli kainatdan.
Filankəsin qırxından,
filankəsin ilindən...
Qulaqları batıran bəzəkli toy-büsatdan!
Bilirəm ki, əzizim,
Sən də mənim kimisən...
Yaxşı sözünü qoyub, pisini xəbər verən,
Dilindən bal istəyib, yerinə zəhər verən,
üzünə hırıldayan,
dalınca mırıldayan,
Tülkü xisləti ilə özünü tərifləyən,
Qozbel kimi qəddini zalım önündə əyən
ruhsuz ölü canlardan,
faydasız insanlardan,
gülüm, sən də bezmisən,
Bu günəcən dözmüsən.
Elə sən də mənim tək
ürəyini üzmüsən...
Gəl qaçaq buralardan,
çıxaq bir az eşiyə.
Lap dağların başına, insansız bir meşəyə.
Bir çayın kənarında
balaca daxma quraq.
Hər gün çay kənarında
daşlar üstə oturaq.
Dinləyək həzin-həzin şirin nəğmə oxuyan
quşların, suyun səsin.
Elə yerə gedək ki, telefon işləməsin.
Köhnə yaddaşımızı bu yerdə qoyaq,gedək,
Bizi sevməyənlərdən bu yerdə doyaq, gedək.
Gəzək dağl, dərəni,
Yeyək Allah verəni.
Meşədən çırpı yığaq,
sonra tonqal qalayaq.
Kollardan moruq yığaq,
əl ilə balıq tutaq.
Yorulmuş ruhumuzu o yerlərdə ovudaq,
Bu ağılsız dünyanı,
dəbdəbəli evləri, dəbdəbəli sözləri
birdəfəlik unudaq.
Verək orda baş-başa şıltaq təbiət ilə,
Meşənin də başını qataq qəhqələrlə,
gülüşlə, söhbət ilə.
Heyvanlar arasında yaşayaq adam kimi,
Gecələr bayquşların,
Adını bilmədiyim neçə cürə quşların,
Lap elə çaqqalların xoşagəlmız səsləri
qoy olsun bezib gələn ruhumuzun həkimi.
Sən Həvva ol mən Adəm.
Ağac yarpaqlarından paltar da toxuyarsan,
Burda oxumadığın şirin nəğmələrini
orada oxuyarsan.
Orda rişxənd eləməz
daşlar, ağaclar sənə.
Başımızı atarıq yaşıl xalı çəmənə,
baxarıq göy üzünə,
ulduzların gözünə.
Aya da göz atarıq.
Gizlənpaç oynayarıq, başımızı qatarıq.
Nə deyirsən, əzizim?..
Sən də bu yerdə yadsan, mən də bu yerdə yadam.
Gəl qaçaq buralardan.
İnsan olmayan yerdə sən Həvva ol, mən Adəm.
Məmməd Əvəzoğlu.11.06.2024.


