Birinci Qarabağ müharibəsinin itkin
şəhidi Mübariz Şahmurov
Nizami rayonunda dəfn olunub
VİDEO
Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi Mübariz Ağahüseyn oğlu Şahmurov oktyabrın 28-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları, Nərimanov, Nizami, Suraxanı Rayon İcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.
İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.
Mübariz Şahmurovun həyat yoldaşı Dilşad Şahmurova jurnalistlərə açıqlamasında bildirib ki, bu gün 33 illik həsrətə son qoyulub: “Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Sevinc və kədər hissləri, şəhidimə olan qürurum - hamısı bir aradadır, bunları həyəcansız danışmaq mənim üçün qeyri-mümkündür. Prezidentimizə təşəkkür edirəm. Qələbə qazandıqdan sonra şəhidlərin nəşinin tapılması istiqamətində böyük işlər görülüb, bu proses hələ də davam edir. İtkin şəhidlər tapılıb ailələrinə təhvil verilir. İnşallah bütün itkin ailələrin itkin düşmüşləri tapılsın. Acım, kədərim böyük olsa da, təskinliyim də var. Allah şəhidlərimizə rəhmət eləsin”.
İtkin şəhidin qardaşı Namiq Şahmurovnın sözlərinə görə, Mübariz könüllü olaraq Milli Orduya yazılıb: “Kifayət qədər döyüş hazırlığı olan pəhləvan cüssəli qardaş idi, sovet ordusunda xidmət etmişdi. Sonra Xocalının müdafiəsində iştirak etmişdi, aeroport yolunu qoruyurdular. O vaxt onun cənazəsini götürə bilmədik. Heç onu əsirlərin arasında da axtarmırdıq. Bilirdik ki, qəhrəman idi, ya sonadək vuruşacaq, ya da bu yolda öləcək. Ona görə, onu şəhidlərin nəşlərinin arasında axtardıq. Ancaq tapa bilmədik. Allaha şükür olsun, Qarabağı azad etdik. Ləyaqətli, şərəfli müharibə apardıq. Qardaşımın da nəşi tapıldı. Onunla fəxr edirəm”.
M.Şahmurovun döyüş yoldaşı Nazim Hüseynov bildirib ki, Mübarizin şəhid olduğu yerdə 21 Xocalı sakini vəhşicəsinə öldürülüb: “Allahın bu gününə şükürlər olsun. Artıq onun övladlarının, həyat yoldaşının gözü yoldan çəkildi. Artıq biz o torpaqlara qovuşduq. Mən həmin gecə Xocalı aeroportu istiqamətində olan postda idim. Mübarizlə bərabər 21 nəfərlə Xocalının ən ağır günlərində şəhəri qorumağa çalışdıq. Allahdan onların hər birinə rəhmət diləyirəm. Onlar hər biri döyüşərək qəhrəmancasına şəhid oldu”.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi M. Şahmurov 1963-cü il iyunun 12-də Sabirabad rayonunun Navdan kəndində anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı rayonu istiqamətində gedən döyüşlərdə itkin düşüb. M.Şahmurov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan üç şəhiddən biridir.


