Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Firuz Mustafa:

O, klassik filosoflar kimi universal erudisiyaya malik idi

Rəhman Bədəlov rəhmətə gedib...

Axşamüstü eşitdim ki, filosof həmkarım Rəhman Bədəlov rəhmətə gedib. Dövrümüzün müdrik adamlarından biri idi. Uzun illər eyni elmi qurumda, müxtəlif şöbələrdə çalışmışıq. Yaxın dost olmamışıq, amma daim xoş ünsiyyətimiz olub.

Rəhman bəyin ilkin ixtisası, səhv etmirəmsə, memarlıq olub. Onun “memar” olduğu elə yaradıcılığından da görünür. O, hər bir yazısının “ornament” və “tağlarını” əsl memar ustalığı ilə bir aqraf (buna açar da demək olar) vasitəsi ilə bağlarlayırdı.

O, Fəlsəfə İnstitutunun “Diamat” şöbəsində çalışırdı. Nə yazıqlar ki, indi Rəhman bəy ilə çalışan filosofların bir çoxu- Həsən və Zəfər Quliyevlər, onların məslək dostu Gündüz Sarıyev və Niyazi Mehdiyev haqq dünyasındadır. Amma nə yaxşı ki, onun bir çox dostları (Əli Abbasov, Əbülhəsən Abbasov) öz fəaliyyətlərini yenə davam etdirirlər.

Rəhman bəy klassik filosoflar kimi universal erudisiyaya malik idi. O, maarifçi, kinoşünas, nəzəriyyəçi, tarixçi, publisist və təbii ki, ən ümdəsi filosof idi.

Təhsilini rusca alsa da təpədən-dırnağacan milli aydın idi.

O, 88 il yaşadı. Amma uşaq kimi sadə və sadəlövh idi. Zahirən çəlimsiz olsa da, daxilən əzəmətli idi.

Yadımdadır, ötən əsrin sonlarında sevimli həyat yoldaşını, bir neçə il əvvəlsə nəvəsini itirmişdi. Amma o, əsl filosof kimi həyatın və ölümün dialektikasını zahirən sakitcə, səbrlə, təmkinlə, daxilənsə ağrılarla qarşılamışdı.

Əslində Rəhman Bədəlovun həyatını qeyb etməsi bizim üçün milli itkidir. Amma nə edəsən ki, bu gün filosofun, fikir adamının ölümünün cəmiyyətdə doğurduğu məyusluq və ələm, meşədəki hansısa bir ağacın kəsilməsindən narahatlıq hissi keçirən meşəbəyinin “daşıdığı” kədərdən o yana getmir.

Ruhun şad olsun, Rəhman bəy.

09.07.2025 "Gündəlik"lərdən

Best coffeeshop in Berlin