Boksçularımız Dünya Kubokunda
Sübhan Məmmədov DK-nin yarımfinalına yüksəlməklə....
Qazaxıstanda kişi və qadın boksçular arasında Dünya Kuboku keçirilir. Turnirdə Azərbaycan boksçuları da iştirak edirlər. Qeyd edək ki, Azərbaycanın 11 rinq ustası ilə qatıldığı turnirdə ümumilikdə 31 ölkədən 400-dək boksçu medallar uğrunda yarışa başlayıb. Artıq boksçularımızdan bir neçəsi mübarizəyə qatılıb və start döyüşünü qələbə ilə başa vurub.
Ən yaxşı nəticəni isə Sübhan Məmmədov (50 kq) göstərib. Start döyüşünü qələbə ilə bitirən Sübhan 1/4 final mərhələni döyüşsüz keçib. Bu mərhələdə onun türkiyəli rəqibi Samet Gümüş rinqə çıxmadığı üçün o, yarımfinala (1/2) yüksəlib və ən pis halda turnirin bürünc medalını özünə təmin edib.
Daha iki boksçumuz - Məhəmməd Qasımzadə (60 kq) və Məhəmməd Abdullayev (+90 kq) də turnirə qələbə ilə başlayıb. Qasımzadə 1/8-də Cənubi Koreya boksçusu Denqvan Yanqi 5:0 hesabla udub. O, sabah 1/4 finalda Dominikan Respublikasından olan Yohan Aqueyra ilə döyüşəcək.
1/8 finalda monqol boksçu Byeknur Xalını açıq-aşkar üstələyən Abdullayev isə sabah baş tutacaq 1/4 finalda Cənubi Koreya boksçusu Taeunq Yu ilə üzləşəcək.
DK davam edir.
İNTİQAM Məmmədov


