“Türk dünyasının zəngin mədəniyyət məkanı”
mövzusuna həsr olunmuş videoçarx müsabiqəsi keçirilmişdir.
FOTO=25, Foto-reportaj aşağıdakı LİNK-də:
https://www.facebook.com/share/p/1Je7xURSaJ/
27 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Türk dünyasının zəngin mədəniyyət məkanı” mövzusuna həsr olunmuş videoçarx müsabiqəsi keçirilmişdir.
Müsabiqə SSRİ və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin təşəbbüsü ilə təşkil olunmuş, görkəmli sənətkar eyni zamanda münsiflər heyətinin sədrliyi ilə layihəyə rəhbərlik etmişdir. Kommisiyanın həmsədri Tədris işləri üzrə prorektor, Əməkdar müəllim, professor Nərminə Quliyeva, üzvləri “Musiqişünaslıq, Bəstəkarlıq və Dirijorluq” fakültəsinin dekanı, Əməkdar müəllim, professor Gülzar Mahmudova, Musiqi tarixi kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Musiqi nəzəriyyəsi kafedrasının müdiri, Əməkdar müəllim, professor Könül Nəsirova, professor Kəmalə Ələsgərli, dosent Xatirə Həsənzadə, dosent Leyla Zöhrabova, dosent Ayanda Adilova, dosent Minaxanım Babayevadan ibarət idi. BMA-nın Musiqişünaslıq, Bəstəkarlıq və Dirijorluq fakültəsinin təşkilatçılığı və yaradıcı dəstəyi ilə həyata keçirilən müsabiqədə Bakı Musiqi Akademiyası ilə yanaşı, Bakı Xoreoqrafiya Akademiyası, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin tələbələri də təmsil olunmuşdur. Ümumilikdə videoçarx müsabiqəsində 28 tələbə iştirak etmişdir.
Müsabiqə çərçivəsində türk dünyasının zəngin mədəni irsini əks etdirən videoçarxlar musiqi, rəqs, təsviri sənət, memarlıq, səhnə sənəti və xalq yaradıcılığı kimi müxtəlif istiqamətlər əhatə edilmişdir.
Tədbir çərçivəsində, həmçinin, Rəssamlıq Akademiyasının tələbə və məzunlarının, Bakı Musiqi Akademiyasının tələbə və məzunlarının, eləcə də Uşaq Filarmoniyasının şagirdlərinin iştirakı ilə sərgi təşkil olunmuşdur. Sərgi müxtəlif sənət sahələrini bir araya gətirərək müsabiqənin bədii məzmununu daha da zənginləşdirmiş, iştirakçıların yaradıcılıq imkanlarının nümayişinə şərait yaratmışdır. Sərgi proqramında 17 rəssam öz yaradıcılıq işlərini təqdim etmişdir. Rəssamlar arasında Bakı Musiqi Akademiyasının tələbə və məzunları da yer almışdır.
Müsabiqənin yekununda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilmişdir. I yerə Bakı Musiqi Akademiyasının Musiqişünaslıq ixtisası üzrə III kurs tələbəsi Məmmədova Nəzrin və Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət “Ozan” folklor ansamblı layiq görülmüşdür. II yer BMA-nın magistratura pilləsində təhsil alan Musiqişünaslıq ixtisası üzrə I kurs tələbəsi Səlimli Azərə və Dirijorluq ixtisasının III kurs tələbəsi Əliyeva Leylaya verilmişdir. III yerlə isə Musiqişünaslıq ixtisasının III kurs tələbəsi Qurbanova Rəhiməxanım, II kurs tələbəsi Qocayeva Xanım, Dirijorluq ixtisasının II kurs tələbəsi Yunusova Elmira və Musiqi müəllimliyi ixtisasının II kurs tələbəsi Məsimova Nəzrin təltif olunmuşlar. Virtuoz ifalarına görə Naxçıvan Dövlət Universitetinin İfaçılıq fakültəsinin I kurs tələbəsi Hüseynov Bayram və Bakı Xoreoqrafiya Akademiyasının magistr məzunu Hacıyev Rüstəm təltif olunmuşdur. Qaliblərə diplom və pul mükafatları, digər bütün iştirakçılara isə fəxri diplom və fəxri fərmanlar təqdim edilmişdir. Mükafatlandırma mərasimi gənc istedadların əməyinə verilən yüksək qiymətin, onların yaradıcılıq potensialının dəstəklənməsinin və gələcək fəaliyyətlərinə göstərilən diqqətin ifadəsi olmuşdur.
Professor Fərhad Bədəlbəylinin təşəbbüsü ilə reallaşan bu müsabiqə Bakı Musiqi Akademiyasının yalnız musiqi təhsili və elmi fəaliyyət deyil, həm də geniş mədəni-maarifləndirici layihələrin həyata keçirilməsi istiqamətindəki rolunu bir daha nümayiş etdirmişdir. Akademiyanın Türk dünyasının mədəni irsinin təbliğinə yönəlmiş belə təşəbbüsləri gənclər arasında milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi, yaradıcılıq əlaqələrinin genişləndirilməsi və ortaq mədəni məkanın tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
“Türk Dünyasının zəngin mədəniyyət məkanı” mövzusunda keçirilən Respublika üzrə incəsənət müsabiqəsi iştirakçıların yaradıcı axtarışlarını, müxtəlif sənət sahələrinin qarşılıqlı əlaqəsini və Türk dünyasının zəngin mədəni irsinə olan marağı əks etdirən əlamətdar tədbir kimi yadda qaldı.
Nəriman İsmayılov-fotomüxbir



