Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun iştirakçıları AMEA-nın binasında və Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar
Noyabrın 26-da İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun iştirakçıları Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında olublar. Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və Forum iştirakçıları Rəyasət Heyətinin yerləşdiyi “İsmailiyyə” binası ilə tanış olublar.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, müxbir üzv Ərtegin Salamzadə qonaqlara ölkə əhəmiyyətli bu abidənin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat verib. Qeyd edilib ki, bina 1908-1913-cü illərdə Azərbaycanın neft milyonçusu Musa Nağıyev tərəfindən vaxtsız vəfat edən oğlu İsmayılın xatirəsinə tikdirilib. O, “İsmailiyyə” binası kimi tanınan tikilinin inşasında orta əsrlər Avropa memarlığında geniş yayılmış Qotika üslubu ilə yanaşı, Azərbaycanın milli ornamentlərinin də istifadə edildiyini söyləyib. Diqqətə çatdırıb ki, bina 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən yandırılıb və növbəti illərdə bərpa olunub.



