Boks üzrə U-23 millimiz AÇ-da 4 medal qazanıb
Bilalhəbaşi Nəzərov və Nicat Alırzayev Avropa çempionu olub
Xorvatiyanın Porçe şəhərində 23 yaşıl (U-23) boksçular arasında keçirilən və Azərbaycan boksçularının da qatıldığı Avropa çempionatına noyabrın 24-də baş tutan həlledici final döyüşləri ilə yekun vurulub.
Qeyd edək ki, çempionatın son günündə iki boksçumuz - buna qədər ikiqat Avropa çempionu adını daşıyan Bilalhəbaşi Nəzərov (50 kq) və Nicat Alırzayev (70 kq) çempionluq uğrunda final görüşünə çıxıb. Maraqlıdır ki, hər iki finalçımız son döyüşünü də qələbə ilə başa vuraraq, çempion olub. Yeri gəlmişkən, finalda Türkiyə təmsilçisi Tevfik Akkası (5:0) məğlub edən Nəzərov üçat Avropa çempionu olub. Xatırladaq ki, 19 yaşlı Nəzərov ikinci çempionluğunu 2025-də Çexiyanın Ostrava şəhərində, ilk çempionluğunu isə 2024-cü ildə məhz Porçedə qazanıb.
Digər çempionumuz - Nicat Alırzayev isə həlledici finalda gürcüstanlı Zviad Tçotçianı eyni hesabla (5:0) məğlub edib.
Bir məqamı da qeyd edək ki, çempionlarımızdan bir gün öncə isə yığmamızın daha iki üzvü - Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) yalnız yarımfinalda büdrəyərək çıxışını üçüncü yerdə bitirib və bürünc medalla kifayətlənib.
Beləliklə də, AÇ-ya 7 bokscu ilə qatılan Azərbaycan yığması çıxışını 4 (2-0-2) medalla başa vurub.
Ümumiyyətlə, çempionatda Azərbaycan da daxil olmaqla, 39 ölkədən 276 boksçu mübarizə aparıb.
İNTİQAM Məmmədov



