ITALIYA DIZAYN GÜNÜ 2026 (ITALIAN DESIGN DAY)
“SALONE DEL MOBILE.MILANO” SƏRGİSİNİN PREZİDENTİ XANIM MARİA PORRO BAKIDA “İTALİYA DİZAYN GÜNÜ”-NÜN 10-CU BURAXILIŞINDA İŞTİRAK EDİB
Bakı, 23 noyabr 2026-cı il – İtaliya və Azərbaycan arasında dizayn sahəsində əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyan Italian Design Day tədbirinin 10-cu buraxılışı bu gün Bakıda keçirilib. Tədbirdə mebel, dizayn və innovasiya sahəsində dünyanın aparıcı beynəlxalq tədbirlərindən biri olan Salone del Mobile.Milano sərgisinin prezidenti xanım Maria Porro xüsusi qonaq qismində iştirak edib. İtaliya–Azərbaycan Biznes Forumu çərçivəsində Fairmont hotelində keçirilən tədbir İtaliyanın Bakıdakı Səfirliyi və İtaliya Ticarət Agentliyi (ITA) tərəfindən “Re-Design. Məkanlara, əşyalara, ideyalara və münasibətlərə yeni baxış” mövzusu altında təşkil olunub. Maria Porronun iştirakı İtaliya və Azərbaycan dizayn icmaları arasında dialoqun gücləndirilməsi, İtaliya dizaynının beynəlxalq miqyasının, yaradıcılıq, texnoloji innovasiya, dayanıqlılıq və özünəməxsus mədəni kimliyi birləşdirmək qabiliyyətinin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Tədbirin proqramı Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərinin, memarlıq və dizayn studiyalarının nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa ətrafında müzakirə ilə başlayıb. İştirakçılar arasında PASHA Real Estate Group, PMD Projects, Sea Breeze Resort & Real Estate, Orange Studio, Renee Architecture & Design və Fontana Grande şirkətlərinin nümayəndələri, eləcə də yerli sektorun digər təmsilçiləri yer alıblar. Fontana Grande layihəsinin direktoru Fazil Hümbətlinin moderatorluğu ilə keçirilən müzakirələrdə memarlıq, interyer dizaynı, daşınmaz əmlak layihələri və şəhər məkanlarının yenilənməsi arasındakı inkişaf edən əlaqələr müzakirə olunub. “Salone del Mobile.Milano” sərgisinin prezidenti Maria Porro çıxışında bildirib: “Azərbaycan hazırda Cənubi Qafqazda İtaliyanın ağac emalı və mebel sənayesi üçün ən böyük bazardır. Ölkədə hotellərdən və yaşayış komplekslərindən tutmuş ofislərə və ictimai məkanlara qədər genişmiqyaslı layihələr həyata keçirilir. Bunlar məhz İtaliya dizayn sənayesinin öz üstünlüklərini nümayiş etdirə bildiyi layihələrdir. İtaliya şirkətləri üslub və dizayn sahəsindəki təcrübələrini fərdi layihə tələblərinə uyğunlaşmaq, işləri vaxtında təhvil vermək və geniş miqyasda sabit keyfiyyəti təmin etmək bacarığı ilə birləşdirirlər. Bu gün yerli investorlar və memarlarla apardığımız müzakirələr artıq formalaşmağa başlayan əlaqələri inkişaf etdirmək və İtaliya şirkətlərinin Azərbaycan bazarının tələblərini qarşılaya biləcəyi konkret layihələri müəyyənləşdirmək üçün bizə imkan yaradır. Italian Design Day 2026-nın əsas mövzusu olan Re-Design (yenidən dizaynvermə) yalnız məkanların yenilənməsi deyil, həm də münasibətlərin yenidən qurulması deməkdir. Bu səbəbdən Azərbaycan investorları və dizaynerlərindən ibarət geniş nümayəndə heyətini 13 aprel 2027-ci ildə Salone del Mobile.Milano sərgisinin 65-ci buraxılışı çərçivəsində ilk dəfə keçiriləcək Salone Contract platformasında qəbul etməyi arzulayırıq. Rem Koolhaas və David Gianotten tərəfindən yaradılan OMA memarlıq studiyasının layihələndirdiyi bu yeni platforma 4 500 kvadratmetr sərgi sahəsini əhatə edəcək. Salone Contract vasitəsilə Salone del Mobile.Milano İtaliya dizaynının dünyada təbliğindəki rolunu daha da gücləndirərək, bütün istehsal zənciri üzrə fəaliyyət göstərən şirkətlərə iri beynəlxalq layihələrdə iştirak etmək imkanları yaradır. Milanda Bakını və ölkənin digər bölgələrini dəyişdirən layihələrin arxasında duran komandalar öz ambisiyalarına uyğun təcrübəyə malik istehsal tərəfdaşları tapa biləcəklər. Bu günkü tədbirin təşkilinə görə İtaliyanın Azərbaycandakı səfiri Luca Di Gianfrancescoya və İtaliya Ticarət Agentliyinə təşəkkürümü bildirirəm. Həmçinin bu gün öz təcrübə və fikirlərini bizimlə bölüşən azərbaycanlı layihə rəhbərlərinə və memarlara minnətdarlığımı ifadə edirəm”. Günün proqramı ADA Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq və dizayn ixtisasları üzrə tələbələri üçün Maria Porronun təqdim etdiyi “Salone del Mobile.Milano – Connecting the Dots” adlı mühazirə ilə yekunlaşıb. Mühazirə zamanı Porro dizaynerlərin müəyyən bir məkanı və orada yaşayan insanları necə öyrəndiklərini, istehsalçılarla əməkdaşlığın isə ilkin ideyanı hazır məhsula necə çevirdiyini izah edib. O, Salone Satellite platformasının təcrübəsinə əsaslanaraq, müxtəlif mədəniyyətlərdən olan gənc dizaynerlərin öz işlərini Milanda təqdim etmək və ideyalarını real məhsula çevirməyə kömək edə biləcək istehsalçılarla əlaqə qurmaq imkanlarından bəhs edib. Tələbələrə müraciət edən Maria Porro qeyd edib: “Hər bir uğurlu dizayn dinləməklə başlayır. Əlaqələri qurmaq dizaynerlərin əsas fəaliyyətidir. Onlar məkanı orada yaşayacaq insanlarla, ideyanı onu həyata keçirə biləcək sənaye ilə, bir mədəniyyəti isə digəri ilə əlaqələndirirlər. Salone hər il Milanda dünyanın müxtəlif ölkələrindən 2 000-dən çox iştirakçını və 172 ölkədən 300 000-dən artıq ziyarətçini bir araya gətirərək, beynəlxalq miqyaslı mədəni proqramla bu əlaqələrin qurulmasına töhfə verir. 1998-ci ildən etibarən biz 35 yaşadək dizaynerlər üçün nəzərdə tutulmuş Salone Satellite platforması vasitəsilə də bu əlaqələri yaradırıq. Bu platforma dünyanın təxminən 60 ölkəsindən 16 000-dən çox gənc dizaynerə öz yaradıcılıqlarını ilk dəfə təqdim etmək imkanı verib. Eyni zamanda, dünyanın müxtəlif ölkələrindən 350-dən çox dizayn məktəbi və universitet bu təşəbbüsdə iştirak edib. Yaradıcı düşüncənin mahiyyətini araşdırmaq istiqamətində davam edən bu təşəbbüsə qoşulduqları üçün ADA Universitetinə, Azərbaycan Memarlıq və İnşaat Universitetinə və hər iki ali təhsil müəssisəsinin tələbələrinə təşəkkürümü bildirirəm”. Italian Design Day İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşviq etdiyi illik təşəbbüsdür. Layihənin əsas məqsədi İtaliya dizaynının beynəlxalq səviyyədə tanıdılması, bu sahədə yüksək nailiyyətlərin təbliği və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir. Bakıda keçirilən 2026-cı il buraxılışı dizaynın İtaliya və Azərbaycan arasında iqtisadi və peşəkar əlaqələrin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətini bir daha təsdiqləyib, şirkətlər, memarlar, dizaynerlər və dövlət qurumları arasında yeni dialoq və əməkdaşlıq imkanlarının yaranmasına töhfə verib.



