"Üzeyir Hacıbəyli irsinin Azərbaycan radiosunda təbliği"
Noyabrın 23-də Üzeyir Hacıbəylinin ev-muzeyində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Üzeyir Hacıbəyli irsinin Azərbaycan radiosunda təbliği” kitabının təqdimat mərasimi keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbirdə çıxış edən Xalq artisti, bəstəkar, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov bəstəkarın Azərbaycan musiqi mədəniyyətindəki xidmətlərindən və Üzeyir bəy ənənələrinin davam etdirilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə “Üzeyir Hacıbəyli yaradıcılığının təbliği”, yazıçı-publisist Mustafa Çəmənli “Üzeyir Hacıbəyli irsinin radioda təbliği” mövzularında çıxış ediblər.
Jurnalist Dilşad Tahirqızı və əməkdar jurnalist Şəfəq Əlixanlı təqdim olunan kitab haqqında fikirlərini bölüşüb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadə isə “Üzeyir Hacıbəyli yaradıcılığına elmi baxış” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin bədii hissəsində Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor Kollektivinin, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamera orkestrinin və məktəb şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin əsərlərindən musiqi nömrələri təqdim olunub.
Qeyd edək ki, 2026-cı ildə Azərbaycan radiosunun 100, televiziyasının isə 70 illik yubileyləri qeyd olunur.



