"Uşaqların musiqi dünyasına bir nəzər"
Noyabrın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Uşaqların musiqi dünyasına bir nəzər” adlı elmi-praktik seminar keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq iştirakçıları salamlayıb, uşaqların musiqi təhsilinin və estetik zövqünün formalaşmasında incəsənətin mühüm rolunu vurğulayıb.
Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Üzeyir Hacıbəyli və Nizami İrsi”, “Nəğmədə bir silahdır” adlı kitablarını muzeyə hədiyyə edib. O, çıxışında elmi-praktik seminarda uşaqların musiqiyə və incəsənətə marağının artırılması, onların istedad və yaradıcılıq imkanlarının üzə çıxarılması baxımından əhəmiyyətini qeyd edib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndəsi İlahə Əfqanlı çıxışında 20 oktyabr - 20 noyabr tarixində ölkəmizdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaq hüquqlarının müdafiəsi və təşviqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, uşaqların hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.
Seminarda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, elmi-tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadə mövzu ətrafında geniş çıxış edib və laboratoriyanın əməkdaşları Rauf Bəhmənli, Zeynal İsayev, İmina Əliyeva çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.
Daha sonra, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair, uşaq yazıçısı, tərcüməçi, publisist Sevinc Nuruqızı, həmçinin Tofiq İsmayılov adına 6 nömrəli liseyin musiqi müəllimi Reyhan Yaqubova da çıxış ediblər.
Seminar çərçivəsində çıxış edən musiqişünas Sevinc İbrahimova “Nağıllardan gələn qızın uşaq dünyası” adlı kitabını iştirakçılara hədiyyə edib.
Seminarın bədii hissəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının şagirdləri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, xormeyster Leyla Muradzadənin rəhbərlik etdiyi “Şəms” uşaq xoru, Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət məktəbinin şagirdləri, İncəsənət Festivalının “Milli solo rəqs” nominasiyası üzrə qalibləri, (müəllim Xəyal Pənahov), Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin, Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin (müəllim Sevinc İbrahimova) və Fikrət Əmirov adına Onbirillik Musiqi Məktəbinin şagirdləri musiqi və rəqs nömrələri ilə çıxış ediblər.



