Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universtetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

ZƏFƏR İQTİSADİYYATI

Azərbaycan Respublikası qəhərəman ordusu, qədirbilən xalqı, müzəffər Ali Baş Komandanının birliyi ilə işğal altında olan torpaqlarını azad etməklə, makroiqtisadi inkişafını həm də yeni iqtisadi reallıqlar müstəvisində təmin etdi. Bu mərhələdən başlayaraq, işğaldan azad olunan ərazilərdə yeni iqtisadi idarəetmə modelinin tətbiq olunması, ilkin olaraq, ərazilərin minalardan təmizlənməsi, təhlükəsiz fəaliyyət mühitinin yaradılması, istehsal və sosial infrastruktur təsisatlarının təşəkkülü, modern uzunmüddətli perspektivlərin etibarlı resurslarının bərqərar olunması daha zəruri hədəflərdən birini təşkil etmişdir. Məhz bu imkan vermişdir ki, ölkənin milli iqtisadi quruculuq proseslərinin yeni iqtisadi reallıqlara müvafiq olaraq, təşəkkül tapması mümkün olsun və reallaşsın, ərazilərin inkişafı, perspektivləri elə bu əsasda formalaşsın.
Bütün bunlar, dövlətimizin iqtisadi siyasətinin zəruri tərkib hissəsinə çevrilmiş, onun daha da aktuallaşan tərəflərini təşkil etmişdir. Məhz bu əsasda da, Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli № 1386 Fərmanı ilə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü həyata keçirilmiş və 14 iqtisadi rayon təsdiq olunmuşdur. Bu iqtisadi rayonlar içərisində Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) uğurlu iqtisadi inkişaf üçün resurslarını səfərbər etməkdədir. Qeyd etmək olar ki, Qarabağ iqtisadi rayonunun ərazisi 9,73 min km², əhalisinin sayı isə 907,9 min nəfərdir (2022). Bu göstərici, Şərqi Zəngəzur iqtisadi rayonunda isə ərazi olaraq, 7,45 min km², əhalisinin sayı isə 345,0 min nəfər (2022) təşkil etməkdədir.
Diqqət etdikdə aydın olur ki, hər iki iqtisadi rayonun potensialında, resurslarında və perspektivlərində ölkənin Milli Prioritetləri naminə olduqca yüksək iqtisadi güc vardır. Məhz bu baxımdan da, Şərqi Zəngəzur iqtisadi rayonunda mövcud olan iqtisadi ehtiyatlar yeni iqtisadi reallıqlar müstəvisində daha mütərəqqi iqtisadi inkişaf üçün etibarlı dayaqlar olacaqdır. Bu iqtisadi rayonda xüsusilə, mineral ehtiyatlar - polimetal filizləri (Mehmanə), qızıl (Söyüdlü, Vejnəli), civə, xromit, tikinti materialları ilə zəngin olmaqdadır. Təbii olaraq, bu iqtisadi ehtiyatlardan, ölkənin işğal altından azad olunan ərazilərinin yenidən bərpası, qurulması və tərəqqisi məqsədilə istifadə olunmaqdadır. Belə ki, buradakı potensial, eyni zamanda, ölkənin yeni iqtisadi prioritetləri çərçivəsində xüsusilə, güclü dayaqlar formalaşdırmaqdadır. Turizm ehtiyatlarının, mobilliyinin və həmçinin, məqsədlərinin reallaşması üçün çoxistiqamətli bazaya malik olmaaqdadır. Çünki, ərazinin təbii ehtiyatları mineral bulaqlar (İstisu, Minkənd), saf hava, dağ meşələri, subalp çəmənlikləri və oradakı göllər istirahət-kurort-turizmin inkişafı və uzunmüddətli perspektivliliyinin şaxələndirilməsi üçün geniş imkanlar yaradır.
İqtisadi rayonun ərazisində iqtisadi inkişafın şaxələndirilməsi, mezoiqtisadi inkişafın əsasları çərçivəsində mühüm potensial mövcud olmaqdadır. Xüsusilə də, kənd təsərrüfatın etibarlı dayaqlarının olduğunu da qeyd etmək olar. Bütövlükdə, kənd təsərrüfatının əksər sahələrinin tərəqqisi üçün olduqca faydalı təbii şərait vardır. Eyni zamanda, ərazidə, üzümçülük, tütünçülük, meyvəçilik, taxılçılıq, maldarlıq və s. üçün çox mühüm ehtiyatların olduğunu görməkdəyik. Bu sırada, aqrar bölmənin məşğulluq potensialı, sosiallaşma perspektivləri və xammal, emal və sənaye əəhmiyyətli resursları daha effektiv nəticələr vəd etməkdədir. İqtisadi rayon ərazisində həmçinin, yay və qış otlaqları, qoyunçuluq və arıçılığın inkişafında olduqca dayanıqlı rola malikdir. Bu mənada, aydın olur ki, bölgədə əkinçiliyin, heyvandarlığın, bir sözlə, səmərəli təsərrüfatçılıq imkanlarının olduğunu görməkdəyik. 
İqtisadi rayonun resurslarının, milli iqtisadiyyatın şaxələndirilməsi məqsədləri çərçivəsində düzgün qiymətləndirilməsi, həmçinin, onun diversifikasiya olunması istiqamətində səmərəli istifadə olunması kimi məsələlər aktuallığına görə seçilməkdədir. Məhz bu resursların qiymətləndirilməsi, ölkəmizin 2020-ci ildə ikinci Qarabağ müharibəsindəki qələbədən sonra başlanılmışdır. Tarixi Zəfərdən sonra bu iqtisadi rayon üzrə, konkret tədbirlərin həyata keçirilməsi, həmçinin, Zəngilan rayonunda hava limanı istifadəyə verilməsi və Ağalı kəndi ərazisində “Ağıllı kənd”in tikintisinin reallaşmış olması, dayanıqlı iqtisadi inkişaf üçün etibarlılıq gətirməkdədir. Bu məqsədlər çərçivəsində, tarixi Qayıdış proqramı çərçivəsində əhalinin köçürülməsinə start verilmiş və həmin ərazilərdə yeni həyat başlamışdır. 
Qarabağ iqtisadi rayonunda da, ölkənin milli iqtisadiyyatına töhvə olacaq olduqca mühüm ehtiyatlar mövcud olmaqdadır. Qeyd etmək olar ki, Laçın rayonunda “Güləbird”, Kəlbəcərdə “Kəlbəcər-1”, “Çıraq-1”, “Çıraq-2” SES-lərinin inşa olunması enerji ehtiyatlarından daha məqsədəuyğun əsaslarla istifadə olunması üçün şaxələndirmə gətirməkdədir. Eyni zamanda, ərazinin iqtisadi potensialı müstəvisində bu resursların qiymətləndirilməsi ölkənin regional iqtisadi inkişafı üçün də olducqa aktualdır. Əsasən də, istisu mineral bulağı əsasında sanatoriyanın və mineral su doldurma zavodunun tikintisinə başlanılmışdır. Təbii olaraq, bütün bunlar, turizm infrastrukturunun yaradılması çərçivəsində çox əhəmiyyətlidir. 
Bildirmək olar ki, ölkəmizdə yeni iqtisadi reallıqlar müstəvisində sənayeləşmə siyasətinin uğurla həyata keçirilməsi, regionlarda, xüsusilə də, işğaldan azad olunan ərazilərdə də Sənaye Park və Məhəllələrinin yaradılması, Zəfər iqtisadiyyatının olduqca mühüm tərəflərini özündə əks etdirməkdədir. Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə işğaldan azad olunan ərazilərin ölkənin milli iqtisadiyyatına interqasiya olunması sahəsində tənzimləyici mexanizmlərin səfərbər olunması günümüzün reallıqlarını təşkil etməkdədir. Xüsusilə də, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli 1347 nömrəli “Ağdam Sənaye Parkının yaradılması haqqında”, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 oktyabr tarixli 1453 nömrəli “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərmanı ilə bu sahədə olduqca mühüm mərhələnin başlanması təmin olunmuşdur. Təbii olaraq, hər iki Sənaye Parkının yaradılması bütövlükdə, ölkənin iqtisadi rayonlaşma proseslərinə güclü təsir etməsi ilə müşayiət olunmaqdadır. Bütün bunlar bir daha onu göstərir ki, işğaldan azad olunan rayonlarda kiçik və orta sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, zəruri inftastruktur təsisatlarının yaradılması, səmərəli fəaliyyət mühitinin təsisatlarının yaradılması sahəsində olduqca əhəmiyyətli tədbirlərin həyata keçirilməsi artıq reallığa çevrilmişdir. 
Bu proseslərin səmərəli təşkili və idarə olunması proseslərinin davamlılığında və sistemililiyinin təşəkkülündə Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 7-də Qarabağa tarixi səfərinin olduqca mühüm sosial-iqtisadi nəticələri olacaqdır. Belə ki, Ağdam Sənaye Parkında “ASMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak etməklə, dövlət başçısı, yeni hədəflərin əlçatanlığını təmin etmişdir. Təqribən 1,7 hektar ərazidə yerləşən zavodda polad həsir, tikanlı, çəkilmiş, yanmış və sinklənmiş məftil və mismar istehsal olunacaq. Birinci mərhələdə illik istehsal gücü 4 min 920 ton polad həsir, 3 min 480 ton çəkilmiş məftil, 3 min 180 ton mismar, 1800 ton yanmış məftil, 12 min ton məftil və 1080 ton soyuq deformasiya olunmuş armatur təşkil edəcək. İkinci mərhələdə isə illik 10 min ton qalvanikləşdirilmiş və 8 min 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı nəzərdə tutulmaqdadır.
Eyni zamanda, həmin tarixdə, dövlət başçısının Ağdam Sənaye Parkında “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak etməsi daha perspektivli iqtisadi və sosial layihələrin reallaşmasına təminat yaratmaqdadır. Bildirmək olar ki, “Komfy” MMC-yə 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin illik istehsal gücü 130 min ədəd döşəkdir. Burada müxtəlif ölçüyə, konstruksiyaya və sərtlik dərəcəsinə malik döşəklərlə yanaşı, bonel və paket yay sistemləri də istehsal olunacaq. Müəssisədə Azərbaycanda ilk dəfə “roll-pack” formatında, yəni sıxılaraq rulon şəklində qablaşdırılan döşəklər istehsal olunacaq. Bu, daşınma xərclərini azaltmaqla ixrac imkanlarını genişləndirəcək. Beləliklə də, məhsulların daxili bazarla yanaşı, digər ölkələrə satışı nəzərdə tutulur.
İşğaldan azad olunan ərazilərin cari, orta və uzunmüddətli prioritetlər üzrə potensialı bütün dövrlər üzrə olduqca aktualdır və milli iqtisadi əhəmiyyətə malik olmaqdadır. Bu mənada, Qarabağ iqtisadi rayonun coğrafi mövqeyi çoxşaxəli iqtisadiyyat üçün əlverişlidir. Ərazinin təbii şəraitində özəlliklər çoxdur. Xüsusilə də, düzənlik və dağlıq relyef, zəngin landşaft, meşə örtüyü, bulaqlar, yeraltı sərvətlərin bolluğu, münbit torpaqlar və s. bu potensialı daha da gücləndirməkdədir. Bölgənin sosial-iqtisadi inkişafı istiqamətində mühüm amil olacaq məsələlər içərisində aqrar bölmənin perspektivləri çox əhəmiyyətlidir. Kənd təsərrüfatı potensialı Qarabağ iqtisadi rayonunun olduqca əhəmiyyətli iqtisadi aktuallıqlarından hesab olunur və bunlardan biri də kənd təsərrüfatı üçün məhsuldar təbii-iqlim şəraiti, həmçinin, geniş torpaq ehtiyatlarına malik olmasıdır. Xüsusilə, Ağcabədi, Bərdə, Füzuli, Ağdam və Tərtər rayonları bitkiçilik və heyvandarlığın məhsuldar inkişafı məqsədləri üçün olduqca güclü perspektivlərə malik olmaqdadır. Buradan da aydın olur ki, işğaldan azad olunan ərazilərimizdə Aqrar Sənaye İnteqrasiyası timsalında olduqca mühüm potensial var və bu, bütövlükdə, ölkənin milli iqtisadiyyatı üçün son dərəcə aktaul hesab oluna bilər. 
Bir sözlə, hər iki iqtisadi rayonun potensialını diqqət mərkəzində saxlamaqla, qeyd etmək olar ki, istər regionda, istərsə də, milli iqtisadi inkişaf zəminində kənd təsərrüfatının inkişafına töhvə olacaq resurslar bir sıra istiqamətlər üzrə inkişaf potensialına malik olmaqdadır ki, onları da aşağıdakı kimi sistemləşdirmək olar:
- istər taxılçılığın, istərsə də, dənli bitkilərin istehsalı məqsədilə potensialın təşəkkülü. Bu məqsədlə, təsərrüfatçılıq imkanlarının diqqətdə saxlanılması və əlverişli fəaliyyət mühitinin yaradılması;
- məqsədyönlü fəaliyyət çərçivəsində, bölgənin ixtisaslaşmasını əsas götürməklə, pambıqçılıq və texniki bitkilərin becərilməsinin olduqca səmərəli mexanizmlərinin müəyyən olunması;
- istər xammal, istər emal, istərsə də, sənaye sahələrinin perspektivliliyi məqsədilə, üzümçülük və meyvəçilik sahələrinin inkişafına diqqət göstərilməsi və artan dinamikada nəticələrin əldə olunması;
- regional iqtisadi inkişafın ölkənin iqtisadi artımında yerinin gücləndirilməsi məqsədilə, tərəvəzçiliyin və bostançılıq imkanlarının genişləndirilməsi və onlardan davamlı məhsuldarlığın təmin olunmasında faydalı istifadə olunması;
- təsərrüfatçılıq imkanlarının daha da genişləndirilməsi, aqrar bölmənin potensial imkanlarının yüksəldilməsi məqsədilə həm ətlik, həm də südlük heyvandarlıq sahəsində məhsuldarlığın diqqətdə saxlanılması;
- bölgənin iqtisadi potensialı qiymətləndirilməklə, arıçılığın və yemçiliyin inkişaf etdirilməsi və bu əsasda, dayanıqlı mezoiqtisadi potensialın makroiqtisadi inkişafa inteqrasiyasının sürətləndirilməsi;
- bölgənin iqtisadi gücünün artırılması, əmək və iqtisadi resurslardan səmərəli istifadə imkanlarının yüksəldilməsi sahəsində fəaliyyətin nəticəsi olaraq, aqrar məhsulların emalı və qablaşdırılmasının təmin olunması sahəsində sistemli işlərin həyata keçirilməsi və onların nəticələrinin milli iqtisadiyyat üçün hərəkətverici təsirinin düzgün istiqamətləndirilməsi. 
Bütün bunlar, ümumi mənada, ölkəmiz üzrə dayanıqlı məşğulluq, sosiallaşma, rifah, firəvanlıq, sənayeləşmə və digər zəruri prioritetlərin olduqca mühüm təsdiq mexanizmlərinin gerçək ifadəsi olmaqdadır. Eyni zamanda, bu, digər iqtisadi rayonların davamlı inkişafı üçün də çox zəruri perspektivlər gətirəcəkdir. Çünki, digər 12 iqtisadi rayon da, malik olduqları resurslarla, bu proseslərdə mobillik yaradacaq və qarşılıqlı layihələr üzrə iqtisadi-istehsal münasibətlərinin təşəkkülü mümkün olacaq. Həmçinin, bu, elmi əsaslara malik olan layihələndirmə işlərinin düzgün qurulmasına təminat yaratmış olacaq. İstər Şərqi Zəngəzur, istərsə də, Qarabağ İqtisadi Rayonlarının qeyd olunan proseslərdə fəal iştirakı, dolğun əsaslarla digər iqtisadi rayonların uyğun resurs və potensiallarından əlaqələndirmək ehtiyacını yaratmış olacaq və bu əsasda da, qarşılıqlı işbirliklərinin təşəkkülünə yüksək zəmin yaranacaq.
Təbii olaraq, bütün bunlar, həm kadr, həm də mütəxəssis hazırlığı proseslərinin sistemliliyinin, kompleksliyinin, davamlılığının olduqca mühüm səaslarına çevrilmiş olacaq. Həm dövlət-özəl tərəfdaşlığının, həm də universitet-sənaye işbirliyinin elmi əsaslara malik olan tərəflərinə daha mühüm aktuallıq gətirmiş olacaq. Həmçinin, bu, iqtisadi rayonlar üzrə fəaliyyət istiqamətlərinə müvafiq olaraq, həmin ərazilərdə yaradılan universitetlərin qarşılıqlı layihələrini, iş birliklərini və təcrübə mübadilələrini daha da gücləndirmiş olacaq. Xüsusilə, ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasında yaradılan Sənaye Park və Məhəllələrinin Naxçıvan Dövlət Universiteti ilə, işğaldan azad olunan ərazilərdəki Sənaye Parklarının Qarabağ Universiteti ilə, Mingəçevir Sənaye Parkının Mingəçevir Dövlət Universiteti ilə, Sumqayıt Sənaye Parkının Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıqlarının səmərəli təşkilinə töhvələri daha mütərəqqi ideyalar və təşəbbüslər müstəvisində mümkün olacaq. Əlbəttə ki, bunu, digər Sənaye Park və Məhəllələrinin yerləşmiş olduğu ərazilərdə olan ali məktəblər üçün də qeyd etmək olar. Bütün bunlar, tələbəyönümlü, nəticəyönümlü və təşəbbüsyönümlü hədəflərin olduqca mühüm tərəflərini özündə əks etdirməkdədir.
Beləliklə, Tarixi Zəfərimizdən sonra ölkəmizin milli iqtisadiyyatı üçün yeni reallıqlar yarandı. Yeni perspektivlər, yeni prioritetlər, yeni hədəflər, yeni layihələr, yeni təşəbbüslər məhz həmin reallıqların gətirmiş olduğu şaxələndirmənin çox zəruri həqləsini təşkil etdi. Belə bir mərhələdə, işğaldan azad olunan ərazilərimizin iqtisadi və sosial potensialının milli iqtisadiyyatımıza inteqrasiya olunması proseslərinin faydalı tənzimlənmələr əsasında sürətləndirilməsi Zəfər İqtisadiyyatının olduqca mühüm əsaslarını yaratmışdır. Və bu iqtisadiyyat, milli iqtisadiyyata güc verməklə, onun etibarlı dayaqlarını möhkəmləndirməklə, daha yaradıcı istiqamətlərini ortaya qoymuş olur.