Ağcabədidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib +FOTO=71
Ağcabədidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib.
Noyabrın 7-də Ağcabədi Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ağcabədi Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Daha sonra Ağcabədi şəhər Qəhrəmanlar Parkına gələn iştirakçılar burada “Əbədi Məşəl” abidəsi önünə gül dəstələri düzüb, şəhidlərin məzarlarını ziyarət edərək onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bayram tədbiri Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Mərkəzində davam etdirilib. Əvvəlcə mərkəzin foyesində Zəfər Gününə həsr olunmuş foto, rəsm, əl işləri və kitablardan ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən aparıcı qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış möhtəşəm Qələbənin təcəssümüdür. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Zəfər xalqımızın milli birliyinin, həmrəyliyinin və qəhrəmanlığının təntənəsidir.
Bayram tədbiri bədii hissə ilə davam edib. Əhəd Təhməzovun ifasında “Xudayar təsnifi”, Vətən müharibəsi iştirakçısı Suliddin Mirzəyevin ifasında “Qarabağlıyam” mahnıları səsləndirilib. Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbinin səs müəllimi Bəhruz Usubov “Yaşa Azərbaycan”, Bərdə şəhər 4 saylı Uşaq İncəsənət Məktəbinin səs müəllimi Reyhan Rəcəbova “Çırpınırdı Qara dəniz”, gənc ifaçı Rəsul Məmmədov isə “Mənim Azərbaycanım” və digər mahnılar tədbir iştirakçılarına xoş anlar yaşadıblar.
Həmçinin, rəqs qruplarının təqdimatında “Azərbaycan” süitası və “Xarıbülbül” kompozisiyası nümayiş etdirilib.
Tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının şanlı tarixinin, milli qürurunun və sarsılmaz birliyinin rəmzidir. Bu Zəfər uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunur, qazilərimizin qəhrəmanlığı isə gələcək nəsillər üçün örnək olaraq yaşayır. Bu möhtəşəm Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Zəfərin mübarək Azərbaycan !



