Nil vadisindən Qafqaza uzanan mədəniyyət körpüsü - Prof. Dr.Tarek M. Aboul-Fotouh ilə MÜSAHİBƏ (VİDEO)
Hər bir jurnalist üçün elə anlar olur ki, o, sadəcə bir xəbər yazmır, iki xalq, iki qədim mədəniyyət arasında mənəvi bir körpü salır. Misir Ərəb Respublikasının Bakıdakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Mərkəzin direktoru, mədəniyyət attaşesi hörmətli Prof. Dr. Tarek M. Aboul-Fotouh ilə baş tutan görüşümüz və apardığımız müsahibə məhz belə dərin izlər buraxan layihələrdən biri oldu.
Bakının səssiz, lakin elm və mədəniyyət nəbzi ilə döyünən ünvanlarından birində yerləşən bu mərkəzə qədəm qoyanda ilk hiss olunan şey qədim Nil vadisinin nəfəsi ilə Qafqazın qonaqpərvərliyinin qovuşması idi. Qapıdan içəri girərkən hər detalda hiss olunan o zəngin irs, kitabxana rəflərindən boylanan əlyazmalar və tarixin qoxusu adamı dərhal başqa bir coğrafiyaya aparır. Lakin bu mühiti həqiqətən canlı edən onun ruhudur - o ruhu isə mərkəzin direktoru Prof. Dr. Tarek M. Aboul-Fotouh-un timsalında gördük.
Prof. Dr. Tarek M. Aboul-Fotouh ilə söhbətimiz sadəcə sual-cavab formatında qurulan rəsmi müsahisə çərçivəsindən çox kənara çıxdı. O, Azərbaycanla Misir arasındakı əlaqələrdən danışarkən sadəcə diplomatik rəqəmlərə deyil, iki xalqın ortaq mənəvi dəyərlərinə, dostluq və qardaşlıq bağlarına toxundu. Müsahibə zamanı hər bir cümlədən, hər bir baxışdan hiss olunurdu ki, bu mərkəz sadəcə təhsil ocağı deyil, bura iki qədim mədəniyyətin bir-birini kəşf etdiyi, gənclərin elmi və intellektual baxımdan qidalandığı canlı bir platformadır.
Söhbət zamanı professorun elmə, gənclərə və mədəniyyət diplomatiyasına verdiyi dəyər xüsusilə diqqətimizi çəkdi. O, hər iki ölkənin gənclərinin bir-birini daha yaxından tanımasının, tələbə mübadilələrinin və birgə elmi təşəbbüslərin gələcəyin təməlini qoyduğunu vurğuladı.
Müsahibəni apardı: Xeyransa İsmayılova,
VİDEO+FOTO S.RASİM - AZpress.AZ
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Prof. Dr. Tarek M. Aboul-Fotouh ilə apardığımız bu eksklüziv müsahibəni oxucularımızın diqqətinə çatdırırıq:
https://youtu.be/XrsaIJZLAEM



