Gənc cüdoçu qızlarımız Asiya Kubokunda yarışacaqlar
31 oktyabr - 1 noyabr aralığında İordaniyanın paytaxtı Ammanda yeniyetmə və gənc qızlar arasında cüdo üzrə Asiya Kuboku keçiriləcək. İki gün davam edəcək bu turnirdə Azərbaycan cüdoçuları da öz bacarıqlarını nümayiş etdirəcəklər.
ACF-dən verilən məlumata görə, ölkəmiz sözügedən turnirdə məşqçilər Saşa Herkenart-Vimar (gənc qızlardan ibarət yığma komandanın böyük məşqçisi) və Elnur İsmayılovun (yeniyetmə qızlardan ibarət yığma komandanın baş məşqçisi) rəhbərliyi altında 4 çəki dərəcəsində 5 cüdoçu ilə təmsil olunacaq.
Bu beşlikdə isə, Gülşən Hüseynova, Gülgəz Musayeva (hər ikisi 48 kq), Çinarə Sadıqova (52 kq), Aytən Verdiyeva (57 kq) və Ayan Əliyev (63 kq) yer alıb.
İNTİQAM Məmmədov



