Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İqtisadi inkişaf, ideoloji təhlükəsizlik və milli dəyərlərin qorunması strateji hədəflərimizdəndir – Ağcabədidə müşavirə +FOTO=30

Ağcabədidə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ağcabədi şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzüblər. Rayon Mədəniyyət Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Prezident İlham Əliyevin Qurultaydakı nitqinin ölkənin gələcək inkişafının strateji istiqamətlərini müəyyənləşdirdiyini bildirib. Qeyd edib ki, əldə olunmuş nəticələrin qorunması, müstəqilliyin daha da möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi qarşıdakı dövrdə əsas vəzifələrdir.
Azərbaycanın müstəqil siyasət yürüdən, güclü iqtisadi və hərbi potensiala malik dövlət olduğunu deyən R.Hüseynov bildirib ki, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Rayon icra hakimiyyətinin başçısı kənd təsərrüfatının inkişafının iqtisadi və ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətinə toxunaraq Ağcabədidə bu sahədə həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edib ki, kənd təsərrüfatının intensiv inkişafı, resurslardan səmərəli istifadə və kənd yerlərində dayanıqlı məşğulluğun təmin olunması istiqamətində irimiqyaslı layihələr uğurla icra edilir. Aqrar sektorun modernləşdirilməsi və əlavə dəyər zəncirinin qurulması məqsədilə rayonda ümumi dəyəri 72,44 milyon manat təşkil edən geniş investisiya portfeli formalaşdırılıb. Bu layihələr üzrə indiyədək 29,06 milyon manatdan çox vəsait istehsal və infrastruktur sahələrinə yönəldilib.
Bildirilib ki, Salmanbəyli kəndi ərazisindəki “Azərşəkər” MMC tərəfindən ümumi dəyəri 36,5 milyon manat olan layihə çərçivəsində 4320 hektar sahədə 79 ədəd müasir pivot suvarma sisteminin quraşdırılması həyata keçirilir. “Ağcabədi taxıl” Aqropark tərəfindən 5,72 milyon manatlıq investisiya ilə 430 hektar sahədə intensiv meyvə bağlarının salınması layihəsi uğurla aparılır. “Ağcabədi taxıl” Aqropark tərəfindən ümumi dəyəri 18,6 milyon manat olan, sutkada 24 ton şoklama gücünə malik 15 min tonluq soyuducu anbar kompleksinin inşası, dəyəri 1,5 milyon manat olan gündəlik 24 tonluq meyvə qurutma sisteminin, dəyəri 803,4 min manat təşkil edən gündə 18 ton badam qırma və 20 ton qurutma sahəsinin qurulması və 2,12 milyon manatlıq texnika parkının yenilənməsi istiqamətində layihələndirmə və bazar araşdırmaları davam etdirilir. Həmçinin rayonun sənaye potensialını daha da gücləndirmək üçün pambıq çiyidindən yağ emalı müəssisəsinin yaradılması əsas prioritetlər sırasındadır.
Rafil Hüseynov çıxışında ideoloji təhlükəsizlik məsələsindən də bəhs edib. Bildirib ki, internet, sosial şəbəkələr, kiberhücumlar və süni intellekt imkanları ideoloji təsirlərin yayılması üçün yeni imkanlar yaradır. Təəssüflər olsun ki, bu imkanlardan digər məqsədlər üçün də istifadə olunur. Xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışırlar. Odur ki, məktəb və ailə arasında əməkdaşlıq gücləndirilməli, valideynlər maarifləndirilməli, uşaq hüquqları və dünyəvi təhsilin əhəmiyyəti izah edilməlidir.
Müşavirədə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov cəmiyyətin mənəvi-ideoloji bütövlüyünün qorunmasında, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında ağsaqqalların üzərinə böyük məsuliyyət düşdüyünü deyib. O, milli-mənəvi dəyərlərin qorunmasında ailənin, məktəbin və ağsaqqalların birgə fəaliyyətinin vacibliyini vurğulayıb. Bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, dövlətçilik ənənələrinə sədaqət və cəmiyyətin ideoloji bütövlüyünün qorunması hər kəsin üzərinə məsuliyyət qoyur.
Ağcabədi şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Fəridə Allahverdiyeva çıxışında şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin və onların yad ideoloji təsirlərdən qorunmasının vacibliyini vurğulayıb. O bildirib ki, məktəbin əsas vəzifələrindən biri şagirdlərə keyfiyyətli, dünyəvi təhsil verməklə yanaşı, onlarda vətənə bağlılıq, dövlətçilik düşüncəsi və sağlam dünyagörüşü formalaşdırmaqdır. Bu işdə müəllim-valideyn əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Statistika İdarəsinin rəisi Elsevər İsmayılov rayonun sosial-iqtisadi inkişafının ölkədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olduğunu bildirib. O qeyd edib ki, əldə olunan nailiyyətlərin qorunması və davamlı inkişafın təmin edilməsi ilə yanaşı, cəmiyyətdə dövlətçilik şüurunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin yaşadılması da mühüm əhəmiyyət daşıyır.
Rayon təhsil sektorunun müdiri Teymur Qasımov gənc nəslin zərərli ideoloji təsirlərdən qorunmasının prioritet məsələlərdən olduğunu bildirərək, məktəblərdə təlim-tərbiyə işinin gücləndirilməsinin, şagirdlərə milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin aşılanmasının vacibliyini diqqətə çatdırıb.
Vətən müharibəsi əlili Mühiddin Mirzalıyev çıxışında gənclərin vətənpərvərlik ruhunda yetişməsinin, müstəqilliyimizin və dövlətçiliyimizin əhəmiyyətini dərindən dərk etməsinin vacibliyini qeyd edib. O vurğulayıb ki, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığı, Vətənə sədaqəti və ölkənin gələcəyinə məsuliyyətli münasibəti cəmiyyətin ideoloji bütövlüyünün qorunmasında mühüm rol oynayır.
Çıxışlarda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin ardıcıl icrasının ölkənin davamlı inkişafına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyi vurğulanıb. Bildirilib ki, irəli sürülən prioritetlərin həyata keçirilməsi sosial-iqtisadi inkişafına töhfə verməklə yanaşı, cəmiyyətdə milli-mənəvi dəyərlərin və dövlətçilik şüurunun daha da möhkəmlənməsinə imkan yaradacaq.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111