Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sevinc ƏDALƏTQIZI:
Şəhid qanı ilə yazılanşanlı müstəqillik salnaməmizin 35 ili

Müstəqilliyin yolu heç vaxt asan və hamar olmur. Bu şərəfli haqq yolu böyük fədakarlıq, sarsılmaz iradə və müqəddəs qurbanlar tələb edər. Azadlıq verilməz, alınar! Şəhid qanları ilə qazanılan azadlığımız və müstəqilliyimiz Vətənimizin,  xalqımızın qəhrəmanlıq mirası, heç bir maddi nemətlə ölçülməyən ali mənəvi dəyərdir. Müstəqil yaşamaq iradəsi xalqımızın əsrlər boyu qəlbində yaşatdığı ən böyük amala, tarixi zəfərlərimizin və varlığımızın təməl daşına çevrilmişdir.
Gəlin, müstəqilliyimizin tarix salnaməsinə xronoloji ardıcıllıqla nəzər salaq.
Azərbaycan 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Müsəlman Şərqində və Zaqafqaziyada müstəqilliyini elan etmiş ilk demokratik dövlət oldu. 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsi qəbul edildi. Azadlıq eşqi ilə yüksəklərdə dalğalanan bayrağımız müstəqil dövlətimizin rəmzinə çevrildi. Lakin gənc Cümhuriyyətimiz cəmi 23 ay yaşadı. 1920-ci il aprelin 28-də Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində AzərbaycanCümhuriyyətinin müstəqilliyinə son qoyuldu. Lakin azad və işıqlı gələcəyə hələ uzun bir dövr qalırdı.
1920-ci ildə azadlığını itirmiş gənc Cümhuriyyətimizin istiqlal şairi, bayraq sevdalısı Əhməd Cavad demişkən: “Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut!” — bu, gələcək nəsillərə ünvanlanmış bir mənəvi çağırış idi.
Bəli, azadlıq və müstəqillik həqiqətən də bu dünyada heç nə ilə əvəz olunası bir məfhum deyil.
1990-cı ilin qanlı 20 Yanvar gecəsində xalqımız arzuladığı azadlığı öz qanı ilə geri qazanmağa nail oldu. Xalqımızın qeyrətli oğul və qızları böyük əzmkarlıq nümayiş etdirməklə Vətənin müstəqilliyi uğrunda canlarından keçərək ilk azadlıq Şəhidləri adını qazandılar. Onlar azadlığımız və müstəqilliyimiz uğrunda aparılan şanlı mübarizədə şərəfli ucalığa layiq görüldülər.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə”ni qəbul etdi. Həmin il oktyabrın 18-də isə tarixi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” imzalandı. Bu mühüm sənəd 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin varisliyini hüquqi olaraq bərpa etdi.
1991-ci il dekabrın 29-da keçirilən ümumxalq referendumunda Azərbaycan xalqı dövlət müstəqilliyinə səs verdi. Beləliklə, xalqımızın azad yaşamaq arzusu ümumxalq səsverməsi ilə bir daha təsdiqləndi.
1991-ci ildə Azərbaycanın Müstəqillik Aktına Vətənimizin adlı-sanlı, görkəmli ziyalıları böyük şərəf hissi ilə imza atanda bir daha dünyaya nümayiş etdirdilər ki, bizim də bir millət, bir xalq olaraq azad yaşamağa haqqımız və hüququmuz var.
Düz 35 il öncə hər kəs bu şad xəbəri eşidərkən qürur dolu hisslərlə qarşıladı; könüllər fərəhləndi, simalarda ümid parladı, gözlərdən sevinc yaşları axdı. Azadlıq xülyamız gerçəkləşdi. Uşaqlıq yaddaşımdan bir payız axşamı...
1993-cü ilin payızı idi. Altı yaşım vardı. Artıq müstəqilliyimizin ikinci ilini yaşayırdıq. Hava soyuq, axşam düşmüş, qaş qaralmışdı. Anamla həyətdə idik. Qonşunun televizorundan Heydər Əliyevin çıxışının səsi gəlirdi. Həmin saatlarda hamı onu izləyirdi.Anam mənə dedi ki, deyəsən, Heydər Əliyev prezident seçilib. Bu sözləri eşidəndən sonra anamla birlikdə həyəcanla evə qaçdıq. Anam dərhal televizoru açdı. Ağ-qara televizorumuzda böyük maraqla Heydər Əliyevin çıxışını izləməyə başladıq. Anam çıxışı diqqətlə dinləmək üçün mənə səssiz olmağımı dedi. Mən də susub onun yanında oturaraq televizora baxırdım.
İllər keçib, uşaqlığım uzaqlarda qalıb. Amma 1993-cü ilin o soyuq payız axşamı, anamın həyəcanla söylədiyi sözlər, evə tələsik qaçmağımız və ağ-qara televizorumuzun qarşısında keçirdiyimiz həmin an yaddaşımda qalıb.
Bəzən tarix kitablarının səhifələrində oxuduğumuz hadisələr bizim yaddaşımızda tamam başqa cür yaşayır. Mənim üçün o gün Azərbaycanın müstəqillik tarixinin bir parçası olmaqla yanaşı, altı yaşlı uşağın yaddaşında qalan unudulmaz bir payız axşamıdır.
Bu gün illər sonra geriyə dönüb baxanda anlayıram ki, 1993-cü ilin o payız axşamı, bəlkə də, müstəqillik tariximizin dönüş nöqtələrindən biri imiş. O gün xalqımızın rahat nəfəs alacağı, ölkəmizdə sabitliyin bərqərar olacağı, insanların rifahının yaxşılaşacağı günlərin başlanğıcına çevrilirmiş. Dahi lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini özünün də söylədiyi kimi, ideyaları ilə sarsılmaz, əbədi və dönməz etdi. Azərbaycanın müstəqilliyi sarsılmaz, əbədi və dönməz oldu.Onun hakimiyyətə gəlişi ilə dövlətçilik ənənələri möhkəmləndi. Xalqın birliyi yenilməz bir qüvvəyə, möhkəm  bir yumruğa döndü. Azərbaycan bir ölkə və müstəqil dövlət kimi beynəlxalq aləmdə öz layiq olduğu yeri tutaraq bir daha özünü dünyaya tanıtdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən 15 oktyabr 2021-ci il tarixli qanunla mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.
 70 il sovet rejiminin boyunduruğu altında yaşayan əsir millətimiz azadlığın dünyada şirin nemət olduğunu bir daha anladı. Mən şəxsən bir vətəndaş kimi Azərbaycanın müstəqilliyini ilk azadlıq Şəhidlərimizə borcluyam. Çünki qarşımızda onların qanı ilə yazılmış 35 illik şanlı tarix boylanır. Bu gün qazanılan böyük Zəfərlə üçrəngli bayrağımızın Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərindəqürurla dalğalanması həmin şanlı tarixin ən uca zirvəsidir.
Müstəqilliyimiz əbədi, bayrağımız uca, Azərbaycanımız daim var olsun!
Sevinc ƏDALƏTQIZI

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111