Jurnalistlərin IX qurultayı keçirildi
Vüqar Zifəroğlu Mətbuat Şurasına sədr seçildi
Oktyabrın 16-da, ölkə paytaxtında, Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Qurultay nümayəndəsi Seyfəddin Hüseynli toplantı iştirakçılarının ölkə Prezidenti cənab İlham Əliyevə müraciətini oxudu.
Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edildi.
Mətbuat Şurasının sədri Rəşad Məcid ötən dörd il müddətində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, keçən müddət ərzində Şuraya 815 şikayət daxil olub. İlkin mərhələdə 691 məsələ katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına göndərilib. Şikayətlər üzrə komissiyada baxılan 124 məsələdən 86-sı komissiya səviyyəsində həllini tapıb, digər 38 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün idarə heyətinə təqdim edilib.
Rey Kərimoğlu nəzarət-təftiş komissiyasının hesabatını səsləndirdi, məruzələr ətrafında müzakirələr aparıldı.
İdarə heyətinin üzvü Müşviq Ələsgərli Şuranın Nizamnaməsində ediləcək dəyişikliklərlə bağlı məlumat verdi.
Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, jurnalistlərdən Aydın Quliyev, Azər Həsrət, Asif Mərzili, Səriyyə Müslümqızı, Aida Eyvazlı, Fərid Pərdəşünas, Məhsəti Musa, Əfsələddin Ağalarov, Əli Vəliyev və başqaları çıxış etdilər.
Çıxış edənlər ölkəyə qarşı yönələn dezinformasiya və informasiya təhdidlərinə qarşı mübarizə istiqamətində görülən tədbirlərdən danışdılar. Bildirildi ki, bu sahədə ardıcıl və intensiv fəaliyyət həyata keçirilib, zərurət yarandığı hallarda gün ərzində bir neçə dəfə bəyanat və açıqlamalar yayımlanıb.
Müzakirələrdə süni intellektin jurnalistikaya təsiri, yeni texnologiyaların media mühitində yaratdığı dəyişikliklər və ənənəvi jurnalistika ilə süni intellekt əsaslı media arasındakı fərqlər də diqqət mərkəzində oldu. Jurnalistlər bədii təxəyyülün, fərdi yaradıcılıq üslubunun və peşəkar yanaşmanın əhəmiyyətini vurğulayaraq qeyd etdlər ki, texnoloji yeniliklər jurnalikanın fəaliyyətinə təsir göstərsə də, onun aktuallığını və cəmiyyətdəki rolunu aradan qaldırmayacaq.
Qurultayda jurnalistlər müxtəlif təklif və tövsiyələrini də səsləndirərək media sahəsinin inkişafı ilə bağlı fikirlərini bölüşdülər.
Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində, həmçinin Mətbuat Şurasının sədrinin, nəzarət-təftiş komissiyasının və İdarə Heyəti üzvlərinin müəyyənləşdirilməsi ilə bağlı seçki keçirildi.
Mətbuat Şurasının İdarə Heyətinə 23 nəfər üzv seşildi. Yeni heyətdə jurnalistlərdən Hacıbəy Heydərli (“Azxeber.com”), Orxan Amaşov (AnewZ), Səadət Məmmədova (ATV), Nurşən Quliyev (APA), Vüqar Rəhimzadə (“İki sahil” qəzeti), Elşad Eyvazlı (Modern Media Qrupu), Seyfəddin Hüseynli (“525-ci qəzet”), Qalib İbrahimoğlu (“Bakivaxti.az”), Fərid Şahbazlı (“Editor.az”), Elçin Alıoğlu (“Trend” İA), Anar Tahirov (“Bizim.media”), Vəfa Həmzəyeva (Real TV), Elmira Musayeva (CBC), Hümbət Musayev (“Xalq qəzeti”nin baş redaktorunun birinci müavini), ictimaiyyət nümayəndələrindən isə Vüqar Zifəroğlu (BDU, Jurnalistika fakültəsi), Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqı), Əminə Yusifqızı (veteran jurnalist), Bəhruz Məmmədzadə (“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyi), Ayaz Mirzəyev (Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyi), Fərid Pərdəşünas (Technote Media Şirkəti), Könül Niftəliyeva (BDU, Jurnalistika fakültəsi), Azər Həsrət (Bayraqdar Media), Yeganə Hacıyeva (Gənc Demokratlar İnstitutu) yer aldılar.
BDU-nun jurnalistika fakültəsinin dekanı, professor, Əməkdar jurnalist Əliyev Vüqar Zifər oğlu Mətbuat Şurasına sədr seçildi.
Sonda qurultayın qətnaməsi səsə qoyularaq qəbul olundu.
Bununla da jurnalistlərin IX qurultayı başa çatdı.
Qeyd edək ki, qurultayda qeydə alınan 225 nəfərdən 201 nümayəndənin iştirakı təsdiqlənib.
Akif AĞAYEV
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



