Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda müşavirə keçirilib

 

Oktyabrın 15-də, Masallıda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib. 
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edib, daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, Dövlət Himnini dinləyiblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışının əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən qurultay ölkə tarixində mühüm yer tutur.
O, çıxışında ideoloji təhlükəsizliyin və vətənpərvərlik tərbiyəsinin vacibliyini qeyd edərək, xarici ideoloji təxribatlara qarşı təhsilə, biliyə və milli-mənəvi dəyərlərə əsaslanan maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Araz Əhmədov, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması, aqrar sektorun inkişafı və vətəndaşların problemlərinin operativ həllinin əsas prioritetlər olduğunu bildirib. O, Masallının ölkənin tərəqqisinə bundan sonra da töhfə verəcəyini qeyd edib.
Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev ağsaqqalların cəmiyyətdə nüfuzundan və yaşlı nəslin Vətənə, dövlətə xidmətindəki rolundan danışıb.
Qurultay nümayəndələri – şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbin direktor müavini, şəhid anası Mehriban Sultanova, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və Mahmudavar kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva  çıxışlarında Heydər Əliyev irsinin Azərbaycanın inkişaf strategiyasındakı rolunu, ideoloji məsələləri və bu irsin təbliğinin əhəmiyyətini vurğulayıblar. Onlar ölkənin gələcəyinin savadlı, intellektual gəncliyin yetişdirilməsindən asılı olduğunu qeyd edərək, təhsilin və gənc nəslin tərbiyəsinin prioritetlərinə toxunublar.
Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru İlqar Ramiz oğlu əhalinin sağlamlığının qorunması və səhiyyənin inkişafından, Əməkdar müəllim Əhməd Məmmədov istedadlı şagirdlərin yetişdirilməsi və təhsildə yüksək nəticələrin əldə olunmasından, Vətən müharibəsi iştirakçısı Rza Məmmədov isə Zəfərdən və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsindən danışıb.
Yekunda iştirakçılara fəal iştiraklarına görə təşəkkür bildirilib.

 

Akif AĞAYEV

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111