Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda 300 güləşçi qüvvəsini sınayıb

 

Masallıda ənənəvi güləş turnirinə yekun vurulub

 

Masallıda Əməkdar məşqçi, SSRİ idman ustası, məhşur pəhləvan Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXX ənənəvi və Əməkdar bədən tərbiyəsi və idman xadimi Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr (U17) arasında Lənkəran-Astara regionun açıq turnirinə yekun vurulub.
Oktyabrın 3-də, Masallı Olimpiya İdman Kompleksində iki gün (3-4 oktyabr) davam edən turnirin açılış mərasimində əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının, eləcə dünyasını dəyişən idmançıların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zamin Məmmədov, “Şöhrət” ordenli yubilyar Yaqub Məmmədov, Nadir Ağayevin yetirməsi, Azərbaycanın Fəxri Bədən Tərbiyəci və idman işçisi, Rusiya Federasiyasının Əməkdar məşqçisi Məşkur Qasımov mötəbər yarışlarda əldə edilən nailiyyətlərin ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü kimi səciyyələndiriblər. 
Nadir Ağayev və Yaqub Məmmədov güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən danışan natiqlər çıxışlarında qeyd ediblər ki, ölkə güləşinin tanınmış bu iki simasının yetirmələri ənənəyə sadiq qalaraq bu gün də ölkəmizi beynəlxalq və yerli yarışlarda layiqincə təmsil edir, bizə və Vətənimizə başucalığı gətirirlər. Onların qazandığı hər bir uğur zəngin güləş ənənələrinin davam etdirilməsinin bariz nümunəsidir. 
Bildirilib ki, yarışın keçirilməsində məqsəd hər iki idman fədaisinin keçdiyi şərəfli yolun təbliği, yeniyetmələr arasında güləşin inkişafı və kütləviliyi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlərin seçilməsidir.
Nadir Ağayevin qohumu, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının bölgə üzrə koordinatoru Akif Ağayev turnirin təşkilinə görə Gənclər və İdman Nazirliyinə, Güləş Federasiyasına, Masallı Rayon İcra Hakimiyyətinə, Rusiya Federasiyasının əməkdar məşqçiləri Məşkur və Qasıməli Qasımov qardaşlarına minnətdarlıq bildirib. 
Tədbirin bədii hissəsində tanınmış müğənni Firudin Səfəorov və “Masallı” rəqs qrupu üzvlərinin ifasında  musiqi nömrələri nümayiş olunub.
Sonra 80 illik yubileyi münasibətilə Yaqub Məmmədova, Çingiz Həşimova, eləcə də turnirin sponsoru Məşkur Qasımova təşkilat komitəsinin fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.  
Açılış mərasimindən sonra meydan yeniyetmə bahadırların ixtiyarına verilib.
Məlumat üçün bildirək ki, 03-04 oktyabr 2026-cı il tarixdə keçirilən açıq turnirdə 2009-20011-ci il təvəllüdlü (U-17) yunan-romaçılar 10, sərbəst güləşçilər isə 5 çəki dərəcəsində mübarizə aparıblar.
Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq AGF-nin hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda respublikanın rayon və şəhərlərindən 22 komandanın tərkibində 300 idmançı qüvvəsini sınayıb.
Qalib güləşçilər təşkilat komitəsi və sponsor tərəfindən müvafiq dərəcəli diplom, medal və pul mükafatları ilə təltif olunublar. Komanda hesabında Masallı güləşçiləri (Yunan-Roma güləşi üzrəMəhəmməd Musalı (45 kq – I yer), Mirhəsən Tahirov (45 kq-II) Polad Gülverdiyev (48 kq-I), Vəliməhəmməd Məmmədov (80 kq-II), Tural Eynullayev (92 kq-III), sərbəst güləş üzrə Əli Baloğlanov (51 kq-I yer), Tural Eynullayev (110 kq-I), Həsən Dadaşov (110 kq-II yer) birinci, Sumqayıt idmançıları ikinci, Göyçay pəhləvanları isə üçüncü mükafata sahibləniblər. Hər üç komandaya kuboklar təqdim edilib.

 

Akif AĞAYEV    
 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111