Böyük Qurtuluşa aparan yol
3 oktyabr 1993-cü il – Azərbaycanın tarixi seçimi və Böyük Qurtuluş Günü
Bəzi tarixlər vardır ki, xalqın yaddaşında yalnız təqvim günü kimi deyil, dövlətin gələcək inkişaf istiqamətini müəyyən edən mühüm mərhələ kimi yaşayır. 3 oktyabr 1993-cü il Azərbaycan tarixində belə əlamətdar günlərdən biridir.
1993-cü ilin mürəkkəb ictimai-siyasi şəraitində ölkənin qarşısında ciddi sınaqlar dayanırdı. Müstəqilliyin qorunması, dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması və ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi mühüm vəzifələr idi. Belə bir tarixi mərhələdə Azərbaycan xalqı öz siyasi iradəsini ortaya qoyaraq Heydər Əliyevə böyük etimad göstərdi.
3 oktyabrda keçirilən prezident seçkiləri nəticəsində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu seçim dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin bərqərar olunması və müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyinin əsasları daha da möhkəmləndirildi, ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, ölkənin iqtisadi potensialının gücləndirilməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün ardıcıl siyasət həyaDa keçirildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında və dünya iqtisadi sisteminə inteqrasiyasında mühüm hadisələrdən biri kimi tarixə düşdü.
Ulu Öndərin dövlətçilik fəlsəfəsində milli birlik, azərbaycançılıq ideyası, dövlət müstəqilliyinin qorunması və milli-mənəvi dəyərlərin yaşadılması mühüm yer tuturdu. Onun müəyyən etdiyi siyasi strategiya sonrakı dövrdə Azərbaycanın inkişafında əsas istiqamətlərdən biri kimi davam etdirildi.
Bu gün 3 oktyabr 1993-cü il hadisələrinə nəzər salarkən həmin dövrün reallıqlarını və qarşıda duran mürəkkəb vəzifələri xatırlamaqla yanaşı, Azərbaycanın keçdiyi dövlətçilik yolunun mühüm mərhələlərini də dərk edirik. Bu tarix müstəqil Azərbaycanın siyasi salnaməsində xalqın iradəsinin və dövlətçilik məsuliyyətinin ifadəsi kimi özünəməxsus yer tutur.
Zamin MƏMMƏDOV,
Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru,
Yeni Azərbaycan Partiyasının fəal üzvü
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



