Ağcabədidə “27 Sentyabr – Anım Günü” qeyd edilmişdir +FOTO=73
Sentyabrın 27-də Ağcabədi rayonunda “27 Sentyabr – Anım Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbi hissə komandirləri və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər.
Ağcabədi Qəhrəmanlar Parkında başlanan mərasimdə rayon rəhbərliyi, habelə şəhid ailə üzvləri, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilatlarının rəhbərləri və kollektivləri, rayon ictimaiyyəti, “N” saylı hərbi hissələrin əsgər və zabit heyətləri iştirak etmişlər.
Ağcabədi şəhər “Cümə” məscidinin axundu Röya Balayev şəhidlərin ruhuna dualar oxuyub.
Daha sonra tədbir iştirakçıları Ağcabədi Qəhrəmanlar Parkında şəhid məzarlarını ziyarət etmiş, Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad etmişlər. Parkda hərbi və mülki şəhidlərimizin xatirəsinə yeni inşa edilmiş abidə də ziyarət edilmiş, abidənin önünə gül dəstələri qoyulmuşdur.Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Qəhrəmanlar Parkında gül kolları əkilmişdir.
Saat 12:00-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına əsasən ölkə üzrə Vətən şəhidlərinin xatirəsi Ağcabədidə də bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimi “Kral” şadlıq sarayında ehsan süfrəsi ilə davam etdirilmişdir. Tədbirin moderatoru, Vətən müharibəsi şəhidi Həsən Süleymanovun həyat yoldaşı Qumru Süleymanova tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıdığını bildirmişdir.
Rayon rəhbəri qeyd etmişdir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başlamışdır. 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu böyük hərbi Zəfər qazanmış, uzun illər işğal altında olmuş torpaqlarımızın azad edilməsi təmin edilmişdir.
Rafil Hüseynov vurğulamışdır ki, bu tarixi Zəfərin əldə olunmasında Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı, fədakarlığı və Vətən sevgisi mühüm rol oynamışdır. Döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim böyük ehtiram və minnətdarlıq hissi ilə yad edilmişdir.
Rayon rəhbəri şəhid ailələrinə göstərilən dövlət qayğısından da bəhs etmiş, şəhidlərin ailə üzvlərinin hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu bildirmişdir. Şəhid ailələrinin problemlərinin həlli, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.
Tədbirdə çıxış edən antiterror tədbirlərinin şəhidi Əlimərdan Qəhrəmanovun anası Gülüzar Qəhrəmanova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, şəhidlərin xatirəsinin daim uca tutulmasının ailələr üçün böyük mənəvi dəyər daşıdığını qeyd etmişdir.
Vətən müharibəsi şəhidi Anar Cəfərovun oğlu Eyaz Cəfərov çıxışında atasının və bütün şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs etmiş, onların qəhrəmanlığının gənc nəsil üçün örnək olduğunu vurğulamışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Ağcabədi Rayon Şöbəsinin rəisi Vasif Rzayev çıxış edərək Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaətdən danışmış, şəhidlərin müqəddəs xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyini qeyd etmişdir.
Anım mərasimində bir daha qeyd edilmişdir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, onların qəhrəmanlıq salnaməsi gələcək nəsillərə nümunə olacaqdır.
Çıxışların sonunda Ağcabədi şəhər “Cümə” məscidinin imamı Röya Balayev şəhidlərimizin ruhuna dualar oxumuşdur.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



