Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Üzeyir Hacıbəyli və Nizami irsi" 

Sentyabrın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabının təqdimatı keçirilib.

Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, musiqişünasların dahi bəstəkarların irsini araşdırması, təhlil etməsi və geniş ictimaiyyətə çatdırması mühüm əhəmiyyət daşıyır. Firəngiz Əlizadə Səadət Təhmirazqızının kitabının musiqişünaslar və tədqiqatçılar üçün faydalı mənbə olduğunu qeyd edib.

Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova bildirib ki, təqdim olunan kitab Üzeyir Hacıbəylinin ruhuna böyük ehtiramın ifadəsidir. Onun sözlərinə görə, nəşrdə Üzeyir Hacıbəyli ilə Nizami Gəncəvinin yaradıcılığı arasında özünəməxsus həmahənglik izlənilir.

“Poeziya və musiqidə onların bizə qoyub getdikləri zəngin irs əvəzsizdir. Bu irsin məhz belə bir yanaşma ilə təhlil və təqdim olunması olduqca vacibdir. Kitabın əhəmiyyətli cəhətlərindən biri də burada bir sıra yeniliklərin yer almasıdır. Nəşrdə yalnız Nizami Gəncəvi ilə Üzeyir Hacıbəyli arasındakı yaradıcılıq bağlılığı araşdırılmır, eyni zamanda, müxtəlif məqamlar bir araya gətirilərək böyük ehtiram və sevgi ilə təqdim olunur”, – deyə o əlavə edib.

Filologiya elmləri doktoru, professor Lütviyyə Əsgərzadə qeyd edib ki, Nizami Gəncəvinin zəngin irsi gələcəkdə də müxtəlif sahələr üzrə sənətşünas və tədqiqatçılar üçün mühüm araşdırma mənbəyi olaraq qalacaq. Bildirib ki, müəllif bu kitabda Nizaminin humanist düşüncəsini, insanın mənəvi inkişafına baxışını, eləcə də musiqinin bu düşüncə sistemindəki rolunu ardıcıl şəkildə izləyərək oxucuya təqdim edib. Elmi-publisistik və bədii üslubun vəhdətində qələmə alınan nəşr axıcı dili ilə seçilir. Eyni zamanda, arxivlərdə aparılan araşdırmaların nəticələri, məktublar və digər sənədlər elmi yanaşma əsasında təqdim edilir.

Səadət Təhmirazqızı kitab üzərində işləyərkən müxtəlif mövzular ətrafında düşündüyünü, nəşrin ərsəyə gəlməsində Nizami və Üzeyir ruhundan ilham aldığını söyləyib. Bildirib ki, kitabın son bölmələrindən biri Azərbaycan bəstəkarlıq məktəbində Üzeyir Hacıbəylidən başlanan “Nizami yolu”na həsr olunub. Bu bölmədə Azərbaycan bəstəkarlarının Nizami irsinə münasibətinin onların yaradıcılığında necə əks olunduğu araşdırılır. Xüsusilə dünyaşöhrətli bəstəkar Firəngiz Əlizadənin “Nizami fəzası” əsərinə diqqət yetirilir.

Tədbirdə Üzeyir Hacıbəylinin “Nizaminin heykəli” kantatasının videoyazı ifası təqdim olunub.

Bədii proqramda Xalq artisti Fidan Hacıyevanın Vokal musiqi məktəbinin tələbələrinin ifasında Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sənsiz” qəzəl-romansı, “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası səsləndirilib. Fidan Hacıyeva həmçinin Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sevgili canan” romansını, “Arşın mal alan” operettasından Asyanın mahnısını ifa edib. 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111