YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib
"Ayağın altda müqəddəs torpaq,
Başının üstündə üç rəngli bayraq."
Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himnimiz səsləndirilib.
Konfransda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev hesabat məruzəsi ilə çıxış edərək rayon təşkilatının ötən dövr ərzində gördüyü işlər, həyata keçirilən tədbirlər və qarşıya qoyulan vəzifələrin icra vəziyyəti barədə ətraflı məlumat verib.
Natiq siyasi həmfikirlərinin diqqətinə çatdırıb ki, hazırda 10 800 nəfər üzvü birləşdirən YAP rayon təşkilatı öz fəaliyyətini partiyanın müəyyən etdiyi məqsəd və vəzifələrə uyğun şəkildə davam etdirir. Təşkilatın qarşıdakı dövrdə də üzvlərin ictimai-siyasi fəallığının artırılması, təşkilati işlərin daha da təkmilləşdirilməsi və partiyanın qarşıya qoyduğu vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərəcəyi vurğulanıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında bildirib ki, Azərbaycan xalqının monolit birliyinin rəmzi olan Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb, dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və Azərbaycanın davamlı inkişafının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. O qeyd edib ki, partiyanın keçdiyi şərəfli inkişaf yolu onun xalqın etimadını və dəstəyini qazanan aparıcı siyasi qüvvə kimi mövqeyini daha da möhkəmləndirib.
Rayon rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət, sosial-iqtisadi inkişaf, genişmiqyaslı islahatlar və reallaşdırılan sosial layihələr barədə danışıb. Bildirib ki, son illərdə görülən genişmiqyaslı işlər ölkənin hərtərəfli inkişafına, iqtisadi potensialının gücləndirilməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə və regionların inkişafının sürətləndirilməsinə mühüm töhfələr verib.
Milli Məclisin deputatı Məşhur Məmmədov Ulu Öndər Heydər Əliyevin fikirlərinə istinad edərək, Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası kimi ölkənin ictimai-siyasi həyatında mühüm və aparıcı rol oynadığını bildirib. O qeyd edib ki, partiyanın yarandığı gündən etibarən həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasi fəaliyyət Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və ölkənin davamlı inkişafına mühüm töhfələr verib.
Millət vəkili vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi dövlətimizin qarşıya qoyduğu strateji hədəflərin reallaşmasının parlaq göstəricisidir. Onun sözlərinə görə, bu tarixi Zəfər Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirməklə yanaşı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir.
Sonra Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, şəhid anası Mehriban Sultanova, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri Seymur Nuriyev, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı filialının sədri Nahid Rəhimov və Mahmudavar ərazi partiya təşkilatının sədri Kinəxanım Əliyeva çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolu qeyd olunub, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlərdə YAP-ın mühüm xidmətlərinin olduğu vurğulanıb. Natiqlər partiyanın xalqın etimadına və dəstəyinə əsaslanaraq dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və ölkənin davamlı inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətdən danışıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan mühüm tarixi nailiyyətlərə imza atıb. Xüsusilə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün, eləcə də suverenliyimizin tam bərpa edilməsi xalqımızın milli qürurunu daha da yüksəldən tarixi Zəfər kimi yüksək qiymətləndirilib.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov bildirib ki, Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi bütün dövrlərdə xalqın iradəsini, milli maraqları və dövlətçilik prinsiplərini əsas götürərək qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərib. O qeyd edib ki, partiyanın ölkənin ictimai-siyasi həyatında fəal iştirakı və həyata keçirdiyi məqsədyönlü işlər YAP-ın cəmiyyətdəki nüfuzunun daha da möhkəmlənməsinə, partiyaya olan inam və etimadın davamlı şəkildə artmasına mühüm təsir göstərib.
Çıxışlarda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti, görülən işlər və qarşıya qoyulan vəzifələrin icrası müsbət qiymətləndirilib. Rayon təşkilatının gələcək fəaliyyət istiqamətləri ilə bağlı fikir və təkliflər səsləndirilib, qarşıdakı dövrdə qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirak edəcək nümayəndələrin seçilməsi ilə bağlı səsvermə keçirilib və nümayəndələr müəyyənləşdirilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Akif AĞAYEV
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



