“Qiymətləndirmə” elmi-praktiki jurnalı təqdim olunub
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) “Qiymətləndirmə” jurnalının ilk sayı işıq üzü görüb.
Azpress.az xəbər verir ki, tədbirdə AQC-nin təşəbbüsü ilə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) yanında yaradılmış 54 saylı Komitə tərəfindən hazırlanmış Milli Qiymətləndirmə Standartlarının və “Qiymətləndirmə” jurnalının təqdimat mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, qiymətləndiricilər, media və ictimai sektorun təmsilçiləri iştirak ediblər.
AQC İdarə Heyətinin sədri Vüqar Oruc çıxış edərək, Azərbaycanda qiymətləndirmə sahəsinin keçdiyi inkişaf yolundan və qarşıda duran əsas məsələlərdən danışıb. O bildirib ki, qiymətləndirmə yalnız ayrı-ayrı əmlakların dəyərinin müəyyənləşdirilməsi ilə məhdudlaşan fəaliyyət deyil, iqtisadi münasibətlərin müxtəlif sahələrində mühüm rol oynayan peşəkar istiqamətdir:
- Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti artıq assosiativ üzvdən həqiqi üzvə keçid dövrünü yaşayır. Bunu önəmli məsələ kimi qeyd etmək lazımdır. Eyni zamanda, Avropa Qiymətləndiricilər Cəmiyyətinin Birliyi olan TEGOVA-da Azərbaycanı yeganə təmsil edən qurum olaraq üzvlük prosesimiz də yekunlaşmaq üzrədir. Ölkəmiz həmişə türk dünyasında baş verən proseslərin önündə gedib. Prezident İlham Əliyev bu ənənəni davam etdirərək, türk dünyasının birliyi istiqamətində mühüm addımlar atır. Həmin addımların davamı olaraq biz də türk dünyasında fəaliyyət göstərən bütün qiymətləndiricilərin bir araya gəlməsi istiqamətində ciddi işlər görürük. Cəmiyyətimiz dayanmadan inkişaf edir. Bugünki toplantımız buna əyani sübutdur. Bu gün biz burada yüksək elmi dəyəri olan bir iş ortaya qoymuşuq.
AQC sədri qiymətləndirmə sektorunda peşəkar yanaşmanın möhkəmləndirilməsinin vacibliyini də diqqətə çatdırıb. Bildirib ki, bu sahədə görülən işlərin nəticələri həm dövlət, həm biznes, həm də vətəndaşlar üçün mühüm əhəmiyyət daşıyır. O, “Qiymətləndirmə” jurnalının təsis edilməsini də sektorun inkişafı ilə bağlı görülən işlərin bir hissəsi kimi təqdim edib. Qeyd edib ki, yeni jurnal qiymətləndirmə sahəsində baş verən proseslərin, mütəxəssis fikirlərinin və sektora dair aktual məsələlərin ictimaiyyətə çatdırılması üçün geniş imkan yaradacaq.
Sonra, “Qiymətləndirmə” jurnalının baş redaktoru İbrahim Quliyev çıxış edib. O, jurnalın ilk sayının hazırlanması barədə məlumat verərək, nəşrin əsas istiqamətlərini diqqətə çatdırıb. Baş redaktorun sözlərinə görə, jurnalın əsas məqsədlərindən biri qiymətləndirmə sahəsində çalışan mütəxəssislərin, dövlət qurumlarının, biznes nümayəndələrinin və digər maraqlı tərəflərin bir-birindən xəbərdar olduğu peşəkar informasiya mühiti yaratmaqdır.
Tədbirin növbəti hissəsində Milli Qiymətləndirmə Standartları təqdim olunub. Hazırda 3 standartın təsdiq olunduğunu bildirən Asif İbrahimov 2027-ci ilin əvvəlində 27 standartın tam hazırlanaraq qiymətləndiricilərə təqdim ediləcəyini diqqətə çatdırıb.
Daha sonra, Milli Məclisin deputatları Məşhur Məmmədov, Azər Badamov, Rövşən Muradov, Əlibala Məhərrəmzadə çıxış edərək, qiymətləndirmə fəaliyyətinin ölkə iqtisadiyyatı və əmlak bazarının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, AQC-nin bu istiqamətdə həyata keçirdiyi çoxsaylı layihələr və təşəbbüslər qiymətləndirmə fəaliyyətinin müntəzəm inkişafında mühüm rol oynayır. AQC tərəfindən belə bir elmi nəşrin təsis edilməsi qiymətləndirmə sahəsində mübadilənin genişlənməsinə, müasir yanaşmaların və qabaqcıl təcrübənin müzakirəsinə mühüm imkan yaradacaq.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, AQC Elmi-Metodoloji Şurasının üzvü, professor Rəsmiyyə Sabir, Mərkəzi Bankın baş direktoru Fuad İsayev, ARPA-nın İdarə Heyətinin sədri Günay Şahbazova, SDU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Loğman Abdullayev, AQC sədrinin müşaviri İradə Şükürova və başqaları çıxış edərək, “Qiymətləndirmə” jurnalının fəaliyyətə başlamasını və Milli Qiymətləndirmə Standartlarının təqdim olunmasını Azərbaycan qiymətləndirmə sektorunda diqqətçəkən hadisə kimi qiymətləndiriblər.
Qeyd edək ki, “Qiymətləndirmə” jurnalı ölkəmizin iqtisadi inkişafına, əmlak münasibətlərinin tənzimlənməsinə, bu sahələrdə aparılan fundamental və tədbiqi araşdırmalara mühüm töhfədir. Bu jurnal - makroiqtisadi təhlil, iqtisadi artım modelləri, daşınmaz əmlak bazarı və ipoteka mexanizmləri, maliyyə aktivlərinin qiymətləndirilməsi və digər aktual mövzuları əhatə edir. Jurnal 3 dildə - azərbaycan, rus və ingilis dillərində nəşr olunub. Jurnalın təsisçisi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətidir. Baş redaktoru isə AQC-nin sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyevdir.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



