BƏYBALA MİRZƏ:
Toksik Rusiya...
Və "5-ci kolon"çuların aqibəti
Putin Rusiyasının mövcudluğu və Kremlin yürütdüyü toksik siyasət yaxın-uzaq ölkələrin, qonşuların və qeyri-qonşuların hər birinin daxili və xarici siyasətinə bu və ya digər dərəcədə təsirini göstərir.
Və əsas etibarilə də mənfi təsirdən gedir söhbət.
Başqa sözlə desək, Putin Rusiyası yaxın-uzaq ölkələrin bir çoxunun və o ölkələrdəki ayrı-ayrı konkret insanların həyatını zəhərləyir.
Mən bu yazıda iki ölkədəki son olaylardan misal gətirəcəm ki, hər iki olay da birbaşa Rusiya ilə bağlıdır.
Birinci epizod Cənubi Koreyada baş verib.
Belə ki, ötən gün İnçxon şəhərində yaşayan müharibə əleyhdarı olan ruslar və onların Cənubi koreyalı həmfikirləri müharibəyə qarşı və Ukraynanı dəstəkləmək üçün aksiya keçirib.
İnsanlar Ukrayna bayraqları, müharibə əleyhinə plakatlar və üzərində "faşist" və təhqiramiz sözlər yazılmış Putinin portretləri ilə yürüş ediblər.
Putinin portretini ucaldan bir etirazçı nümayişkaranə şəkildə Rusiya pasportunu da onun yanında tutub.
Digər iştirakçı Putinin yerdəki portretinin üzərində dayanıb.
Başqa bir fəal isə "Hərbi xidmətdən vicdanla imtina Rusiya vətəndaşı üçün şərəf məsələsidir" yazılı lövhəni tutub.
Qeyd edək ki, Cənubi Koreyada bundan əvvəlki müharibə əleyhinə etiraz 30 avqustda baş tutub.
Bu arada Şimali Koreya isə Putin Rusiyasına sıx hərbi dəstək verir. Və hazırda 30 minə yaxın Şimali Koreya əsgəri Rusiya tərəfindən Ukraynaya qarşı döyüşür.
Bu da bir təzadlı gerçəklikdir. Koreya xalqının bir hissəsi Rusiyanı müharibəyə görə lənətləyir, digər hissəsi isə, əksinə, dəstəkləyir.
***
Türk dünyasının aparıcı dövlətlərindən biri olan Qazaxıstanda isə ötən gün iki ruspərəst bloqçunu həbs ediblər.
Söhbət məşhur xanım blogerlər Anastasiya Axmetova və Elmira Kulakovadan gedir.
Sosial mediada Vays soyadından istifadə edən Anastasiya Axmetova və Elmira Kulakovaya qarşı hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri açıb.
Ertenmedia.kz Telegram kanalının məlumatına görə, hər iki bloger etnik nifrətin qızışdırılması işlərində şübhəli bilinir.
Yumşaq desək, Axmetova və Kulakova illərdir Qazaxıstan cəmiyyəti üçün ən həssas mövzular üzərində media profillərini qurublar. Y
Onlar paylaşımlarında müntəzəm olaraq millətlərarası münasibətlər, dil məsələsi, Rusiya ilə Ukrayna arasındakı müharibə və Qazaxıstandakı daxili siyasi proseslərə toxunublar.
Həmçinin bu iki bloger Qazaxıstanın titul millətinə (yəni qazax türklərinə) qarşı dəfələrlə təhqiramiz fikirlər də səsləndiriblər.
Ona görə də hər iki blogger istintaqa cəlb edilib.
Qazaxıstanın milli fəalları "beşinci kolon" təmsilçiləri kimi çıxış edən bu iki rusiyapərəst blogerin saxlanılmasını razılıqla qarşılayıb.
Bu cür manqurtlar ərazisində yaşadıqları müstəqil respublikalara hörmətlə yanaşmaq əvəzinə, Rusiyanın təbliğatçısı, dəstəkçisi rolunda çıxış etməklə həyatlarının ən böyük səhvinə yol verirlər.
P.S. Postsovet respublikalarının hər birində bu cür aktiv və passiv "5-ci kolon"çular var. Baltikyanı ölkələrdə isə onların sayı minimuma endirilib. Latviya, Litva və Estoniyada heç kim Qazaxıstandakı bu iki bloger kimi Rusiyanı bu cür açıq şəkildə dəstəkləyə bilməz. Bu mənada Baltikyanı ölkələr bütün postsovet respublikalarından ən azı bir addım öndədirlər.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



