Güləşçilərimiz evdə dünya çempionatını qızılsız başa vurublar
17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən və Azərbaycanın ev sahibliyi etdiyi dünya birinciliyində (DB) yunan-Romaçıların yarışına bu gün baş tutan final və bürünc medal uğrunda görüşlərlə yekun vurulub. Klassiklərin yarışının son günündə daha üç təmsilçimiz medallar uğrunda görüşə çıxıb. Onlardan ikisi - Əli Cavadlı (45 kq) və Əbdürrəhman Hüseynli (51 kq) çempionluq, Elmir Çərkəzov (60 kq) isə bürünc medal uğrunda güləşib. Təəssüflər olsun ki, hər iki finalçımız həlledici görüşdə məğlubiyyətlə üzləşərək qızıl medalı əldən verib. Belə ki, Cavadov ilk hissəni 5:0 hesabla irəlidə olduğu halda ikinci hissədə rəqibin ardıcıl fəndləri qarşısında aciz qalıb - 5:13.
Digər finalçımız - Hüseynliyə gəlincə, onu demək olar ki, final görüşünə birbaşa məğlub olmağa gəlirmiş kimi görünən güləşçimiz rəqibin fəndləri qarşısında aciz qalaraq, vaxtından əvvəl elə ilk hissədəcə uduzub - 0:9.
Finalçılarımızdan fərqli olaraq, bürünc medal uğrunda görüşə çıxan Elmir Çərkəzov (60 kq) yaponiyalı rəqibi Xinatu Xanamorini döşək üzərinə çıxmağa peşman edib - 9:0.
Turnirin öncəki günündə isə İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanovla (48 kq) Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıb.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası ev sahibliyi etdiyi dünya çempionatını üçü gümüş, üçü isə bürünc əyarlı olmaqla 6 (0-3-3) medalla başa vurub.
İNTİQAM Məmmədov


