Masallıda kartof və taxıl yığımının yekunları müzakirə olunub
Masallı rayonunun Təzə Alvadı kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Kartof və taxıl yığımının yekunu, növbəti əkin üçün qarşıda duran vəzifələr" mövzusunda rayon müşavirəsi keçirilib.
Müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon rəhbərliyinin nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbərləri, sahibkarlar, fermerlər, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Araz Əhmədov Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın aqrar sahənin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, dövlət başçısının kənd təsərrüfatına göstərdiyi diqqət və dəstək nəticəsində Masallıda da aqrar sahədə mühüm nailiyyətlər əldə olunub.
Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev çıxışında yeni Dövlət Proqramının əsas məqsədinin aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın və ixrac potensialının artırılması olduğunu vurğulayıb.
Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov cari ildə suvarma suyu ilə təminatda problem yaşanmadığını bildirib. Onun sözlərinə görə, Viləşçay Su Anbarının ikinci növbəsinin tikintisi başa çatdıqdan sonra rayonda su ehtiyatları iki dəfədən çox artacaq və əkin sahələrinin su təminatı daha da yaxşılaşacaq.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Səməd Bağırov görülən maarifləndirmə tədbirləri nəticəsində cari ildə yanğın hadisələrinin ötən illə müqayisədə 81 faiz azaldığını, meşə yanğınlarının isə qeydə alınmadığını diqqətə çatdırıb.
"Aqrolizinq" ASC-nin Masallı–Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov taxıl biçini mövsümünün vaxtında və itkisiz başa çatdırıldığını, bunun üçün texnikanın tam hazır vəziyyətə gətirildiyini bildirib.
Müşavirədə çıxış edən fermerlər aqrar sahənin inkişafı üçün yaradılan şəraiti yüksək qiymətləndirərək dövlət dəstəyinə görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda Araz Əhmədov rayonda kənd təsərrüfatının inkişafı, məhsuldarlığın artırılması və fermerlərin fəaliyyətinin dəstəklənməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini, mövsüm ərzində qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlara müvafiq müraciətlərin ediləcəyini bildirib.
Akif AĞAYEV


